
"Şikayətim Green Villa ilə bağlıdır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Əzizə Aslanlı adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Adətən kiçik müəssisələrdə belə problemlərlə qarşılaşanda göz yummağa çalışıram. Heç kimin çörəyinə bais olmaq istəmirəm, düşünürəm ki, hər kəs zəhmətlə işləyib qazanır.
Amma bu dəfə susa bilmədim. Çünki söhbət kifayət qədər yüksək məbləğ tələb edən bir məkandan gedir. Belə bir məkanın normal xidmət göstərmək üçün hər cür imkanı var. Burada problem imkansızlıq deyil, səhlənkarlıq və müştəriyə hörmətsizlikdir.
Kartoflar köhnə idi, pizzalar çiy gəlmişdi, xidmət isə ümumiyyətlə gözləntilərdən çox uzaq idi. Uşaqlar üçün gətirilən kartofların demək olar hamısı masada qaldı. Ən çox da ödənişi əvvəlcədən etdiyimiz üçün peşman olduq.
Pul qazanmaq hər kəsin haqqıdır, amma bunun qarşılığında göstərilən xidmət də həmin qiymətə uyğun olmalıdır. Yaşadığımız narazılığı paylaşmağımın məqsədi kiməsə zərər vermək deyil, sadəcə digər insanların da seçim edərkən məlumatlı olmasıdır.
Təəssüf ki, ödənişi əvvəlcədən etmişdik. Nəticədə 1500 manatdan çox pul xərcləyib böyük məyusluq yaşadıq. İnsan pul ödəyəndə qarşılığında heç olmasa normal xidmət gözləyir..."








