Fənərbağça İdman Klubunun prezidenti Sadəddin Saran və qardaşı Kənan Saran qanunsuz mərc oyunlarına təşviq etmə cinayətinə görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bundan əlavə, hər iki şəxsə 562 min 500 lirə məbləğində cərimə də tətbiq olunub.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Bundan əvvəl Fənərbağça İdman Klubunun prezidenti Sadəddin Saran barəsində ona məxsus media qrupu vasitəsilə yayımlanan futbol qarşılaşmalarında qanunsuz mərc reklamlarının yer aldığı iddiası ilə ittiham aktı hazırlanmışdı.
Barələrində 3 ilə qədər həbs cəzası tələb olunan Saran və qardaşı Alan Kenan Saranın da daxil olduğu 4 təqsirləndirilən şəxsin mühakimə olunduğu iş üzrə hökm elan edilib.
İstanbulun 23 saylı Cəza Məhkəməsində keçirilən məhkəmə iclasında təqsirləndirilən Sadəddin Saran iştirak etməyib Saranın iclasda iştirak etməməsi səbəbindən onun son sözü alınmayıb. Çıxış edən Türkiyə Futbol Federasiyasının nümayəndəsi təqsirləndirilən şəxslərin cəzalandırılmasını tələb edib. Müdafiə tərəfi isə müvəkkillərinin bəraət almasını istəyib.
Məhkəmə iclasının sonunda Sadəddin Saran və qardaşına 2 il 6 ay müddətinə həbs cəzası verilib.








