Bakı şəhəri 117 saylı uşaq bağçasından redaksiyamıza daxil olan müraciət və təqdim edilən səsli sübutlar məktəbəqədər təhsil müəssisələrində kök salmış korrupsiya sxemlərini və feodal idarəçilik sistemini növbəti dəfə bütün çılpaqlığı ilə ifşa edir. Müəssisədə 15 ilə yaxın tibb bacısı kimi çalışan Bahar Cəlilovanın ortaya qoyduğu faktlar bağçada dövlət idarəçiliyinin yox, sanki ailə podratı və vərəsəlik qaydalarının hökm sürdüyünü göstərir.
Məlum olur ki, bağça uzun illər Fatimə Nəcəfovanın anası Solmaz Hacıyeva tərəfindən idarə olunub. 2021-ci ildə Solmaz Hacıyeva rəsmən postundan ayrılanda bu dövlət müəssisəsi xüsusi mülk kimi, krallıq taxtı misalı birbaşa qızına ötürülüb. Vərəsəlik "ənənəsi" bununla da bitməyib; Fatimə Nəcəfova təyin olunduqdan sonra körpə uşaq bəhanəsilə 1 il boyunca rəsmi müdir kreslosunda elə anası Solmaz Hacıyeva əyləşib, bağçanı qeyri-rəsmi şəkildə "öz kefinə" idarə etməyə davam edib. Dövlətin məktəbəqədər təhsil ocağını öz şəxsi mülkü sayan bu zehniyyətin nəticəsidir ki, müəssisədə "ölü canlar" saxlanılaraq dövlət büdcəsinin vəsaitləri mənimsənilir, vəzifə səlahiyyətləri aşılaraq azyaşlı uşaqların təhlükəsizliyi və sağlamlığı açıq-aşkar risqə atılır. Biabırçılıqlara qarşı səsini ucaldan şəxs isə dərhal bu "özəl krallığın" təzyiq və təqib mexanizmi ilə üz-üzə qalır.
Bütün bu mənzərənin fonunda ən rüsvayçı məqam isə işçilərin hüquqlarını qorumaqla mükəlləf olan təşkilatların tutduğu riyakar mövqedir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimli və bağçanın yerli həmkarlar təşkilatının nümayəndəsi Gülşən Əliyeva öz nizamnamə vəzifələrini tamamilə unudaraq, birbaşa qanunsuzluqda ittiham olunan "vərəsə" müdirin şəxsi maraqlarının sipərinə çevriliblər. İşçinin hüququnu yox, feodal idarəçiliyini müdafiə edən bu qurumların fəaliyyəti açıq-aşkar vəzifə xəyanətidir. Dövlət büdcəsinin talanmasına şərait yaradan, uşaqların təhlükəsizliyini heçə sayan və bu qanunsuzluqları ört-basdır etməyə çalışan hər bir şəxsin əməlinə təcili hüquqi qiymət verilməlidir.
Bahar Cəlilovanın məsələ ilə bağlı redaksiyamıza təqdim etdiyi video-müraciətini Faktum TV YouTube kanalımız vasitəsilə təqdim edirik:
Xüsusi qeyd: Qarşıdakı günlərdə yoxlama zamanı uşaqların pəncərədən çıxarılması, yeniyetmələrin sözügedən bağçada repetitor yanına gəlməsi və AHİK nümayəndəsinin Bahar Cəlilovaya qarşı təzyiqlərini göstərən görüntüləri təqdim edəcəyik.
Faktum.az











