Avropa Birliyinin 27 ölkəsindən 22-si Avropa Komissiyası və Avropa Birliyinin Şurasının rəhbərlərinə İspaniya hakimiyyətini tənqid edən məktub göndəriblər. Məktubda on minlərlə miqrantın Mərakeşdən Avropa Birliyi ərazisinə keçməsi ilə nəticələnən Seuta olaylarından bəhs edilib.
"DİA-AZ"ın məlumatına görə, “Politico” nəşri yazır ki, məktuba imza atanlar arasında Almaniya kansleri Fridrix Mertz, İtaliya baş naziri Corciya Meloni, Belçika, Niderland, Skandinaviya ölkələri, Baltikyanı ölkələr, Mərkəzi və Şərqi Avropa ölkələri liderləri olublar. Onlar yaranmış vəziyyətin AB səviyyəsində müzakirə edilməsini tələb ediblər.
İspaniya hakimiyyəti Seutada yaşanan olayların artıq nəzarət altına alındığını açıqlayıb. Ölkəyə keçməyə cəhd edən miqrantların böyük hissəsinin artıq Mərakeşə qaytarıldığı bildirilib.
AB rəhbərliyinə məktub göndərən liderlər isə İspaniya hakimiyyətini miqrasiya şərtlərini yumşaltmağa görə qınayıblar. Onların fikrincə Seutada yaşanan böhranı yaradan səbəblərdən biri də məhz bu addım olub.
İspaniyaya qarşı məktuba AB-nin ən böyük iqtisadiyyatına sahib ölkələrindən yalnız Fransa imza atmayıb. Digər tərəfdən hazırda AB-yə sədrlik edən İrlandiyanın yaranmış vəziyyətlə əlaqədar olaraq çərşənbə axşamı AB XİN rəhbərlərinin onlayn görüşünü təşkil etməsi planlaşdırılıb.
İspaniya isə ünvanına səsləndirilən tənqidləri qəbul etməyib. Baş nazir Pedro Sançes və digər rəsmilər İspaniyanı tənqid edən ölkələri eqoizmdə və İspaniya ilə həmrəy olmamaqda ittiham ediblib. İspaniya XİN isə miqrantların leqallaşdırılması sxeminin Seutadakı olaylarla ümumiyyətlə əlaqəli olmadığını açıqlayıb. Bəyanatda hətta bu miqrantların ölkəyə girəcəyi təqdirdə belə bu sxemdən istifadə edə bilməyəcəkləri deyilib.
Baş nazir Pedro Sançes də AB rəhbərlərinə məktub göndərərək, İspaniyanın Şengen razılaşmalarında iştirakının dayandırılmasına çağırış edən ölkə rəhbərlərindən şikayət edib.
Seutaya Mərakeşdən miqrasiya axını iyulun 30-da baş verib. Rəsmi rəqəmlərə görə, 60 min nəfər sərhədi keçərək İspaniya anklavına daxil olub. Onların böyük hissəsini Mərakeş vətəndaşları təşkil edib. İspaniya hakimiyyəti baş verənlərə görə, cinayətkar qrupları məsul tutub.












