Şirvan Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada Balaşirin Nəsirovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Həmin hökmdən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi və Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə bəraət verilməsinə dair müddəaları xaric olunub. Balaşirin Nəsirova Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə verilmiş ittiham hökmdən xaric edilib. Cinayət Məcəlləsinin 188.4.2-ci maddəsi ilə təqsirli bilinən Balaşirin Nəsirova 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxsə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Balaşirin Nəsirov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəsissəsindən dərhal həbsdən azad edilib.
İttihama görə, Balaşirin Nəsirov 2020-2025-ci illərdə Lerik bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə, 2024-cü ilin may ayında həyat yoldaşının Lerik şəhərində yerləşən bələdiyyə fonduna aid 0,03 hektar torpaq sahəsində fərdi yaşayış evi tikilməsi ilə bağlı müraciətini qəbul edib.
İstintaq materiallarına əsasən, həyat yoldaşı həmin bələdiyyənin ərazisində daimi yaşamamasına və qanunvericilikdə nəzərdə tutulan azı beş illik qeydiyyat şərtini ödəməməsinə baxmayaraq, təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun hərrac və ya müsabiqə yolu ilə ayrılması prosedurlarını həyata keçirməyib.
İttihamda göstərilib ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunla təsdiq edilmiş qaydalara əsasən, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqə keçirilməsi barədə qərar qəbul edilməli və müvafiq sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzinə göndərilməli idi. Lakin o, bu tələblərə əməl etməyib, torpaq sahəsi qanunsuz şəkildə zəbt edib.
Məhkəmədə ifadə verən Balaşirin Nəsirov özünü təqsirli bilməyib. O deyib ki, uzun illər Lerik rayonunda müxtəlif rəhbər vəzifələrdə çalışıb və fəaliyyəti dövründə qanunvericiliyin tələblərinə əməl edib.
Sabiq bələdiyyə sədrinin sözlərinə görə, ittihamda qeyd edilən torpaq sahəsi heç vaxt həyat yoldaşının adına rəsmiləşdirilməyib. Arvadı yalnız qanunvericiliyə uyğun qaydada bələdiyyəyə ərizə ilə müraciət edib və sənədləşmə prosesi başlanılıb.
Balaşirin Nəsirov həmçinin ittihamda göstərilən "beş il həmin ərazidə yaşamamaq" arqumenti ilə də razılaşmadığını deyərək qeyd edib ki, qanunvericilik vətəndaşın başqa ərazidə yaşamasını torpaq əldə etməsinə maneə hesab etmir.
Sabiq sədr əlavə edib ki, torpaq sahəsinin ayrılması təşəbbüsünün əsas məqsədi Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinin iştirakçısı olan oğlu Sadiq Mirzəyevin Lerikdə fərdi yaşayış evi tikməsi olub. Onun sözlərinə görə, sözügedən ərazi əvvəllər şəhid ailəsinin istifadəsində olub və həmin ailənin üzvü torpaq sahəsinin bələdiyyə mülkiyyətinə keçirilməsinə notariat qaydasında razılıq verib.
Təqsirləndirilən şəxs bildirib ki, sənədləşmə prosesi dəfələrlə müxtəlif səbəblərlə gecikdirilib, torpaq sahəsinin qiymətləndirilməsi bir neçə dəfə dəyişdirilib və bütün prosedurlar aidiyyəti dövlət qurumları ilə yazışmalar aparılmaqla həyata keçirilib.
Balaşirin Nəsirovun sözlərinə görə, 2025-ci ilin fevral ayında bələdiyyə sədri vəzifəsindən ayrıldıqdan sonra torpaqla bağlı bütün sonrakı prosedurlar artıq yeni bələdiyyə sədri tərəfindən davam etdirilib. Daha sonra torpaq sahəsi qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilərək başqa şəxsin adına keçirilib və çıxarış alınıb. Tikinti işlərinə də yalnız sənədləşmə prosesindən sonra başlanılıb və həmin müddətdə heç bir dövlət orqanı tərəfindən tikintinin qanunsuz aparılması ilə bağlı ona xəbərdarlıq edilməyib.
Məhkəmədə zərərçəkmiş tərəfin nümayəndəsi qismində ifadə verən Lerik bələdiyyəsinin hazırkı sədri deyib ki, vəzifəyə başladıqdan sonra sözügedən torpaq sahəsində tikinti aparılması barədə yalnız polis tərəfindən göndərilmiş sorğu əsasında məlumat əldə edib.
Onun sözlərinə görə, sabiq sədr Balaşirin Nəsirovun həyat yoldaşı torpaq sahəsinin alınması üçün bələdiyyəyə ərizə ilə müraciət edib və həmin müraciət əsasında ilkin sənədləşmə işlərinin başlanılması barədə qərar qəbul olunub. Lakin bələdiyyə tərəfindən həmin torpaq sahəsində yaşayış evinin tikintisinə ayrıca razılıq verilməyib.
Hazırkı bələdiyyə sədri bildirib ki, hazırda torpaq sahəsi başqa şəxsin adına rəsmiləşdirilib və təqsirləndirilən şəxsdən heç bir şikayət və ya maddi tələbi yoxdur.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Balaşirin Nəsirov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığı müəyyən edildiyindən Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilmişdi. Bununla yanaşı, məhkəmə onu Cinayət Məcəlləsinin 188.4.2-ci (torpaq sahəsinin qanunsuz zəbt edilməsi) maddəsi ilə təqsirli bilərək, Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Həmçinin məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbs olunmuşdu.
Qeyd: Balaşirin Nəsirov daha əvvəl Lerik rayon Təhsil Şöbəsinin müdiri işləmişdi. O, həbs edilən zaman isə Lerik rayon Dövlət Arxivinin müdiri vəzifəsində çalışırdı.












