
"ABŞ vitse-prezidenti Vensin İranla müharibədən danışarkən Azərbaycana “təşəkkür” etməsi mənə görə heç də təsadüfi və məsum bir diplomatik jest deyil. Bu açıqlama təşəkkürdən daha çox, Azərbaycanı İranın gözündə müharibənin tərəflərindən biri kimi göstərmək cəhdinə bənzəyir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış şərhçi, aparıcı Zaur Qəriboğlu qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Üstəlik, zamanlamaya baxın!
Bişkekdə İlham Əliyevlə Məsud Pezeşkian görüşür, Azərbaycan dilində səmimi söhbət edirlər. İran Prezidenti müharibənin ağır günlərində Azərbaycanın göstərdiyi dəstəyə və humanitar yardıma görə təşəkkürünü bildirir. Azərbaycan isə əvvəldən bəyan etdiyi mövqedə qalır: biz qonşumuz İranla müharibənin deyil, sülhün və diplomatiyanın tərəfdarıyıq.
Elə bu fonda Vaşinqtondan “Azərbaycana təşəkkür edirik” mesajı gəlir.
Nəyə görə təşəkkür edirsiniz?
Azərbaycan sizin İranla müharibənizin tərəfi olubmu? Azərbaycan ərazisini İrana qarşı hərbi əməliyyatlar üçün açıb? Azərbaycan İranla düşmənçilik siyasəti aparıb?
Xeyr!
Əksinə, Bakı İran xalqına humanitar yardım göstərib və müharibənin dayandırılmasını müdafiə edib.
O zaman Azərbaycanın adını İranla müharibənin kontekstinə salmaq kimə və nəyə lazımdır?
Məncə, cavab çox da mürəkkəb deyil: Azərbaycanla İran arasında yaranan müsbət atmosfer kimlərisə narahat edir. Bakı ilə Tehran danışanda, anlaşanda və münasibətlərini öz milli maraqları əsasında quranda, kənardan bu münasibətlərin arasına şübhə toxumu səpməyə çalışanlar meydana çıxır.
Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil!
Nə Vaşinqtonun, nə Moskvanın, nə də başqa bir paytaxtın.
Bizim İranla münasibətlərimizdə problemlərimiz də ola bilər, fikir ayrılıqlarımız da. Amma İran bizim qonşumuzdur. Coğrafiyanı dəyişmək mümkün deyil. Qonşular arasında müharibənin alternativi yalnız dialoq və qarşılıqlı hörmətdir.
Ona görə də Vensin bu “təşəkkürü” mənim üçün təşəkkürdən çox təxribata bənzəyir.
Azərbaycanı öz savaşınıza tərəf yazmayın!
Azərbaycanın tərəfi bəllidir — öz milli maraqları!.."























