"Yaradıcılığımla" maraqlananlar bəzən məndən soruşurlar ki, kitab yazmaq sevgim haradan başlayıb.
Düzünü desəm, mən ilk kitablarımı almamışdım, "oğurlamışdım".
Qonşuluğumuzda yaşayan veteran B..... babanın zəngin kitab otağı vardı. Allah ona rəhmət eləsin. O, pis insan deyildi, sadəcə kitablarına toxunulmasını istəmirdi. Gənc gəlini həm ev işlərinin, həm də balaca uşaqların öhdəsindən təkbaşına gəlməkdə çətinlik çəkirdi. Məni tez-tez köməyə çağırardı. Mən uşaqlara baxaraq ona yardım edərdim, o da məni gizlicə kitab otağına buraxardı.
Sonra bir-iki kitabı köynəyimin içinə qoyub evə aparardım. Bir həftəyə oxuyub, heç nə olmamış kimi yenə eyni üsulla yerinə qaytarardım.
O vaxt bilmirdim ki, əslində kitab oğurlamıram. Mən gələcəyimi gizlicə evə aparırmışam.
İndi isə o kitablara vurulan balaca qız öz kitablarını yazır. Əgər mənim hekayələrimlə də tanış olmaq istəsəniz, ən böyük sevincim onlara da bir şans verməyiniz olar. Bəlkə də vaxtilə məni dəyişən kitablar kimi, mənim kitablarım da hansısa oxucunun qəlbində kiçik də olsa iz buraxar.
Əfsanə Zaman - "DİA-AZ"













