Avropa Şurasının Azərbaycana qarşı davam edən qərəzli, qeyri-obyektiv münasibəti bu təşkilatda qalmaq üçün heç bir səbəb olmadığını təsdiq edir.
2001-ci ilin yanvar ayında Azərbaycan Ermənistanla bərabər Avropa Şurasına üzvlüyə qəbul olsa da, hər iki ölkəyə münasibətdə bu paralellik gözlənilmədi. 26 ildən artıqdır ki, Avropa Şurası Azərbaycan əleyhinə fəaliyyət göstərən bir quruma çevrilib. Həm işğal dövründə, həm də Ermənistanla münaqişənin başa çatmasından sonra Avropa Şurası Azərbaycana baxışda öz mövqeyini dəyişməyib.
Xüsusilə, Avropa Şurası Parlament Assambleyası erməni diaspor təşkilatlarının sanki bir strukturuna çevrilib. Azərbaycan dövlətinin dəfələrlə etirazlarına, AŞPA nümayəndə heyətləri ilə aparılan danışıqlarda onları ədalətli mövqe tutmağa çağırmasına baxmayaraq, adıçəkilən qurum öz çirkin siyasətini dəyişməyib.
Avropa Şurasında üstünlük təşkil edən erməni lobbisi Assambleyanın bütün sessiyalarında anti-Azərbaycan məzmunlu qətnamələr qəbul etməyi özlərinə iş üslubu seçiblər. Hətta bu qərəz Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsinə gətirib çıxartdı.
Ona görə də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti həm ratifikasiya problemi, həmçinin ikili standartlardan çıxış edən qətnamələrə etiraz olaraq 2024-cü ildə təşkilatda fəaliyyətini dayandırmaq qərarına gəlib.
Əfsuslar olsun ki, ötən müddətdə AŞPA Azərbaycanla fikir ayrılığını aradan qaldırmaq və öz səhvlərini düzəltmək əvəzinə, saxta, uydurma ittihamlarla çıxış edərək təxribatçı qətnamələrin qəbuluna davam ediblər. Ona görə də Azərbaycanın Avropa Şurasından çıxmaqdan başqa yolu qalmayıb.
Prezident İlham Əliyev də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycanın Avropa Şurasından çıxmağı nəzərdən keçirdiyini deyib. Dövlət başçısının məsələnin qoyuluşu ilə bağlı fikirləri tamamilə məntiqli və əsaslıdır:
“Həmin parlamentdə Azərbaycanın ünvanına çox müəmmalı ultimativ qərarlar səsləndirilir. Bu da tamamilə qəbuledilməzdir.
Bu, bizim qərarımız deyil, çünki onlar bizi səsvermə hüququndan məhrum ediblər. Bu, hansısa legitim qərarlar olmadan baş verib. Onlar bizim nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər”.
Həqiqətən də, AŞPA-nın sessiyalarında “insan hüquqlarının müdafiəsi” adı altında Azərbaycanın ərazilərini işğal edən terrorçulara və Qarabağda ləğv edilmiş qondarma rejimin hərbi canilərinə dəstək ifadə ediblər.
Halbuki, 26 il ərzində AŞPA ermənilər tərəfindən etnik təmizləməyə və soyqırıma məruz qalmış dinc azərbaycanlıların hüquqularını müdafiə edən, yaxud işğal faktını pisləyən bir qətnamə belə, qəbul etməyib.
Azərbaycan beynəlxalq hüququ rəhbər tutaraq öz ərazilərini işğaldan azad edəndə və antiterror əməliyyatı keçirəndə Avropa Şurası dərhal ayrıseçkilik nümayiş etdirərək müdafiə cinayətkarlarını azad etməyə çağırıb. Avropa Şurasının bununla reallaşmaqda olan Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurur.
Görünür, Avropa Şurasına və bu qurumda erməni diasporundan “çirkli pullar” qazanan lobbi qruplarına Azərbaycanla Ermənistan arasında sülh deyil, müharibə lazımdır. Belə bir təşkilatda qalmaq isə Azərbaycanın milli maraqlarına ziddir. Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir və Avropa Şurasının siyasi direktivləri ilə davranış öhdəliklərinə malik deyil.
Azərbaycan üçün dövlət maraqları, xalqın mənafeyi daha vacibdir. Avropa Şurası isə indiyə qədər Azərbaycan əleyhinə mövqe tutmaqla bu maraqlara zidd gedib. Belə olan halda Avropa üçün strateji əhəmiyyətə malik Azərbaycanı itirməyə görə bütün məsuliyyət Avropa Şurasının üzərinə düşür.
Süleyman
“Cebheinfo.az”







