Ermənistanın hüquq-mühafizə orqanlarının “Daşnaksütyun” Partiyasının tanınmış simalarından biri, qatı revanşist İşxan Saqatelyanın evində axtarış keçirdiyi bildirilir. “Ermənistan” fraksiyasının deputatı Geqam Manukyanın sözlərinə görə, nə ona, nə də vəkil Sergey Arutyunyana evə daxil olmağa icazə verilib. Hüquq-mühafizə orqanlarının hansı səbəbdən əməliyyat keçirdiyi açıqlanmayıb. Saqatelyan ifadə vermək üçün çağırılıb.
Qeyd edək ki, Saqatelyan Ermənistan “Daşnaksütyun” Partiyasının Ali Orqanının nümayəndəsidir və sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” fraksiyasının deputatıdır.
Bəs bu qəbil həbs və sıxışdırmaların hədəfi nədir? Paşinyan nəyə nail olmaq istəyir? Məqsəd böyük sülhün yolunu təmizləməkdirmi?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov təkcə daşnakçıların deyil, digər radikalların da istintaqa cəlb olunduğunu bildirir.
Onun sözlərinə görə, bu "təmizləmə"lər sülh yolunda daşları qaldırmaq məqsədi güdür. "Ermənistanı qarşıda referendum gözləyir. Bu prosesə qədər Qarabağdan danışanların zərərsizləşdirilməsinə ehtiyac var. Ümumiyyətlə, Paşinyan erməni cəmiyyətinin şüurunu dəyişməyə çalışır. Bu zəhərli beyinlərə təsir etmək asan deyil. Odur ki, mərhələli şəkildə həbslər aparılır. Hökumət formalaşandan sonra bu addımlar genişlənəcək. Xüsusən də daşnakçıların əl-qolu yığışdırılmalıdır. Çünki bu qüvvələr tarix boyu erməniləri terror, qisas, nifrət hissi ilə təşviq ediblər. Bilirsiniz ki, "Daşnaksütyun" terror təşkilatı olub, silahlanmış dəstələr çoxlu cinayətlər törədib. Bu təhlükəni tam aradan qaldırmaq lazımdır ki, erməni cəmiyyəti sağlam fikrə gəlsin", - deyə X. Bəşirov belə şərh edib.
Onun sözlərinə görə, sülh asan deyil və xalqların bir-birinə münasibətində dəyişiklik etmək ağır prosesdir: "Barışıq üçün səmimiyyət olmalıdır. Ermənilər isə nifrətlə yaşayır. Sadəcə, güc yoxdur deyə reallıqla barışıblar. Əgər onların imkanı olsa, yenidən Qarabağa hücum etmək istəyərlər. O baxımdan, Paşinyan belə zəhərli qüvvələri darmadağın etməlidir ki, ilanın başı əzilsin, bir də başlarını qaldıra bilməsinlər".
Siyasi şərhçi hesab edir ki, Paşinyan bu addımları atarkən Qərbdən təpki olmayacağına əmindir: "Buna görə ən pis halda Rusiya bəyanatlar verə bilər. Avropa isə daşnakçıların cəzalandırılmasına qarşı deyil. Əksinə, Rusiya təsirini sıfırlamaq üçün Moskvaya bağlı, radikal gücləri məhv etməsinə Qərbdən dəstək görəcək. Azərbaycan da maraqlıdır ki, Paşinyan bu işi başa çatdırsın və sülh sənədinə qədər bütün təhdidlər aradan qalxsın".
Musavat.com









