Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) statusunu yalnız Ermənistanın özü müzakirə edə bilər.
Trend xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşiyan jurnalistlərə açıqlamasında bildirib.
“Aİİ status məsələsinə gəlincə, Aİİ-nin qaydalarına əsasən, bu statusu yalnız Ermənistanın özü müzakirə edə bilər. Yəni üzv ölkə özü ittifaqdan çıxmaq barədə qərar verə bilər, başqa prosedur nəzərdə tutulmayıb. Lakin istənilən məsələni müzakirə edə bilərik. Hesab edirəm ki, tərəfdaşlarımızın sualları yarana bilər və biz bütün suallara məmnuniyyətlə cavab verəcəyik”, – deyə Ermənistanın Baş naziri jurnalistlərlə söhbətində bildirib.
Bundan əvvəl mayın 9-da Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, İrəvan Avropa İttifaqında, yoxsa Aİİ-də iştirak məsələsi ilə bağlı mümkün qədər tez qərar verməlidir. Onun sözlərinə görə, belə olan halda “mədəni ayrılıq” yolu mümkün ola bilər.








