"AYNA-nın parkinq siyasəti artıq sürücülər üçün rahatlıq yox, əlavə problemə çevrilib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Arifə Əliyeva yazıb.
O daha sonra etiraz dolu fikrini belə davam etdirir: "Şəhərin demək olar hər küçəsində ödənişli parkinq qurulub, qiymətlər isə günbəgün artır. İnsanlar işləməyə, həkimə, marketə gedəndə belə maşını harada saxlayacağını düşünür.
Əvvəllər pulsuz olan yerlər indi ödənişlidir, alternativ isə demək olar yoxdur. Nə kifayət qədər dayanacaq tikilir, nə də küçələrdə normal park imkanı saxlanılır. Nəticədə şəhərdə maşın saxlamaq lüksə çevrilib.
Artıq vəziyyət o həddə çatıb ki, Gənclikdə McDonald’s-ın qarşısı belə ödənişli parkinqə çevrilib. İnsanlar uşağını 20-30 dəqiqəlik ora aparanda belə əlavə parkinq pulu düşünməlidir. Şəhərdə ailələrin rahat istifadə edə biləcəyi yerlər də bir-bir ödəniş zonasına çevrilir.
Tıxac problemi həll olunmadığı halda sürücülərin cibinə əlavə yük qoymaq çıxış yolu deyil. Parkinq siyasəti şəhər sakinlərinin rahatlığı üçün olmalıdır, onları hər addımda ödəniş və cərimə ilə üz-üzə qoymaq üçün yox!!!"










