Ermənistanda parlament seçkilərinə hazırlıqlar davam edir. Baş nazir Nikol Paşinyan inzibati resurslar və siyasi gündəmi idarə etmək imkanı baxımından əsas favorit sayılsa da, sosial narazılıq revanşist düşərgənin mövqelərini müəyyən qədər gücləndirir. Revanşist qüvvələr təhlükəsizlik və “itirilmiş mövqelərin bərpası” ilə bağlı aldadıcı şüarlarla elektoratı səfərbər etməyə çalışır. Bununla belə, cəmiyyətin müharibə yorğunluğu onların qələbə şansını məhdudlaşdıra bilər. Əgər revanşistlər hakimiyyətə gəlsə, Azərbaycanla münasibətlərdə gərginlik arta, sülh danışıqları ləngiyə və daha sərt ritorika ön plana çıxa bilər. Paşinyanın hakimiyyətdə qalması isə nisbi sabitlik və danışıqların davamı ehtimalını daha yüksək saxlayır.
Hərbi ekspert Azad İsazadə “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, Ermənistanda parlament seçkiləri öncəsi aparılan təbliğat və kampaniya Paşinyanın qalib gələcəyini göstərir. Onun fikrincə, Paşinyanın seçkidə qələbə qazanması hələ bütün məsələlərin həlli demək deyil.
A. İsazadə qeyd edib ki, hazırda əsas mübarizə yalnız baş nazir postu uğrunda getmir: “Tərəflərin əsas hədəfi parlamentdə daha çox yer qazanaraq konstitusiya çoxluğunu əldə etməkdir. Elə vəziyyət yarana bilər ki, Paşinyan baş nazir olsa da, konstitusiya çoxluğu əks tərəfdə formalaşar. Bu halda müxalifət həmin imkandan istifadə edərək hökumət üzərində təzyiqləri artıra bilər. Məsələn, Azərbaycanla mümkün sülh müqaviləsi parlamentdə çətinliklərlə üzləşə, referendum məsələsi dalana dirənə bilər”.
Ekspertin sözlərinə görə, Ermənistan müxalifətinin əsas məqsədi Paşinyanın konstitusiya çoxluğunu əldə etməsinin qarşısını almaq və onu müəyyən qədər asılı vəziyyətdə saxlamaqdır. Seçki mübarizəsi də məhz bu xətt üzərində gedir və Paşinyanın konstitusiya çoxluğunu təmin edib-etməyəcəyi hələlik dəqiq deyil.
A. İsazadə əlavə edib ki, seçki kampaniyası dövründə Paşinyan və komandasının bəzən Azərbaycanı tənqid etməsi müşahidə oluna bilər: “Bu, seçki ritorikasının tərkib hissəsidir. Paşinyanın əsas məqsədi seçkidə qalib gəlməkdir və bu səbəbdən müəyyən sərt açıqlamalar verə bilər. Həm Ermənistan, həm də Azərbaycan üçün ən arzuolunmaz ssenari müxalifətin hakimiyyətə gəlməsidir. Lakin hazırkı mərhələdə bu, real görünmür. Ümid edək ki, erməni cəmiyyəti sülh və inkişaf istiqamətini seçəcək”.
Müsahibimiz bildirib ki, ən pis ssenari də nəzərə alınmalıdır və Azərbaycan ehtiyatlı davranmalıdır: “Əgər radikal müxalifət hakimiyyətə gəlsə, Azərbaycanla sülh müqaviləsi gündəmdən çıxarıla, referendum prosesi təxirə salına bilər. Bu isə müəyyən risklər yaradar. Bununla belə, Ermənistan müharibə riskindən çəkinir və ölkənin real müdafiə imkanları məhduddur. Revanşist addımlar atılacağı təqdirdə, Azərbaycan sərhədləri bağlaya, Türkiyə bu prosesə qoşula bilər. Bu halda ticarət əlaqələri zərər görər. Eyni zamanda Azərbaycan Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar ata bilər. Qısası, ən mənfi ssenaridə belə Azərbaycanın siyasi, diplomatik və hərbi rıçaqları mövcuddur və bunlardan istifadə etməklə qarşı tərəfə ciddi təzyiq göstərmək mümkündür”.
Nemət Orucov
Reyting.az








