Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid məsələsi yenidən gündəmə gəlib. Milli Məclisin deputatı Vüqar Bayramov bu keçidin gözləniləndən tez baş verə biləcəyini açıqlayıb.
Lakin bu sistem əmək bazarına və adi vətəndaşın cibinə nə gətirəcək?
Bu gün Azərbaycanda işçilərin böyük əksəriyyəti aylıq sabit maaş alır. Görünüşdə bu sadə və aydın bir modeldir. Ancaq bu modelin arxasında ciddi bir ədalətsizlik gizlənir: işçi əsas iş saatlarından artıq işlədikdə, bu artıq iş əksər hallarda nə qeydə alınır, nə də haqqı ödənilir. İşçi hər gün bir-iki saat artıq işləsə belə, aylıq maaşı dəyişmir. Bu isə mahiyyətcə əməyin bir hissəsinin ödənişsiz qalması deməkdir. Bundan başqa, mövcud sistem yarımştat məşğulluğu çətinləşdirir. İşəgötürən qismən məşğul işçini rəsmiləşdirmək istəmir, çünki vergi və sığorta yükü eyni qalır. Bunun nəticəsində kölgə iqtisadiyyatı genişlənir, tələbə, gənc ana, pensiyaçı kimi qruplara isə rəsmi qazanc yolu bağlı qalır.
Saatlıq əməkhaqqı modeli düzgün tətbiq olunduqda bir neçə ciddi problemə həll yolu ola bilər. Hər işlənən saat qeydə alınır və ödənilir, artıq iş isə əmsalla hesablanır. Bu mexanizm işəgötürəni işçini əlavə yükləməkdən çəkindirir. Bundan əlavə, çevik məşğulluq üçün real zəmin yaranır. Xidmət sektoru, ticarət, logistika kimi sahələrdə part-time işləmək istəyən çoxdur. Saatlıq sistemdə bu insanlar rəsmi işə götürülə, sığorta oluna, vergi ödəyə bilər. ABŞ və Avropada kuryer, kassir, ofisiant, çağrı mərkəzi kimi peşələrin altmış faizi artıq saatlıq əsasda çalışır. Vətəndaşın bir neçə yerdə işləməsi də asanlaşır, səhər bir şirkətdə, axşam başqa yerdə işləmək mümkün olur, bu isə ümumi gəliri artırır.
Lakin riskləri gözdən qaçırmaq olmaz. Sabit aylıq maaş işçiyə psixoloji güvən verir. Saatlıq sistemdə iş azaldıqda gəlir də azalır, xidmət sektorunda mövsümi tənəzzül zamanı bu ciddi problemə çevrilə bilər. Elektron uçot və nəzarət mexanizmi güclü olmasa, işəgötürən işçini az göstərib çox işlədə bilər. Ən böyük təhlükələrdən biri isə minimum saatlıq tarif məsələsidir. Qanunla müəyyən edilmiş alt hədd olmasa, işəgötürən saatlıq ödənişi elə aşağı təyin edə bilər ki, işçi eyni gəliri qazanmaq üçün daha çox saat işləmək məcburiyyətində qalar.
Saatlıq əməkhaqqı sistemi özlüyündə nə sehrli bir həll, nə də ciddi bir təhlükədir. Onun nəticəsi tamamilə tətbiq keyfiyyətindən asılıdır. Minimum saatlıq tarif, “overtime” əmsalı, güclü elektron uçot və işləyən əmək müfəttişliyi olmadan bu sistem yalnız kağız üzərində düzgün görünər. Keçid mərhələli aparılmalı, ilk növbədə xidmət, ticarət və logistika sektorlarında sınanmalı, sonra digər sahələrə yayılmalıdır. Çeviklik çox yaxşı bir şeydir, amma sabitliyi qurban verməklə əldə edilmiş çeviklik işçinin deyil, yalnız işəgötürənin qazancına çevrilər.
Akif NƏSİRLİ - qlobalinfo.az









