ABŞ və İsraillə münaqişə və ölkənin əvvəlki ali lideri Ayətullah Əli Xameneyinin ölümü fonunda İranda həm siyasi, həm də hərbi güc İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) keçib. Bu barədə "Reuters" agentliyinin məlumatında deyilir.
“Müharibə dövründəki təzyiqlər hakimiyyəti dar və daha sərt daxili dairədə cəmləşdirib. Bu dairə Ali Milli Təhlükəsizlik Şurasında, Ali Rəhbərin Ofisində və hazırda həm hərbi strategiyaya, həm də əsas siyasi qərarlara hakim olan SEPAH-da kök salıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, hazırkı Ali Rəhbər Müctəba Xameneyi ölkənin güc strukturunun zirvəsində qalır. Lakin onun rolu əsasən öz əmrlərini verməkdənsə, generalların qərarlarını qanuniləşdirməkdir. Bu prosesin İranda daxili siyasi sərtliyi artıracağı, xüsusilə milli azlıqların yaşadığı bölgələrdə, o cümlədən Güney Azərbaycanda yeni təzyiq mərhələsi yarada biləcəyi ehtimal olunur.
Güney Azərbaycan üçün çətin dönəmmi başlayır?
Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Əli Xameneinin öldürülməsindən sonra hakimiyyət SEPAH-ın əlinə keçib. Onun sözlərinə görə, doğrudur, SEPAH-ın Xameneinin sağlığında da dövlət siyasətinə kifayət qədər ciddi təsiri var idi, lakin ali dini liderin ölümündən sonra bu təsir daha ciddi şəkildə artıb: “Nəticədə hakimiyyət demək olar ki, hərbi xuntanın əlində cəmləşib. Bu da özü ilə müəyyən riskləri gətirir. Belə ki, əgər bu rejim eynən davam edəcəksə, o zaman qonşularla bağlı problemlər artacaq, qonşulara qarşı sərt aqressiv siyasət davam etdiriləcək, proksi qüvvələrə dəstək artırılacaq”.
Eyni zamanda, ekspertə görə, İranda rejim daha da sərtləşəcək: “SEPAH-ın İranda azərbaycanlılara qarşı münasibətinin həmişə kəskin olduğunu nəzərə alsaq, azərbaycanlıların çətin günlərinin artacağını söyləmək mümkündür. Xüsusilə rejimə müxalif mövqedə olan, siyasətinə qarşı olan insanların susdurulması istiqamətində daha radikal addımlar atılacaq”.









