İran mediasında Azərbaycana qarşı qarayaxma kampaniyası davam edir. Tribuna.az xəbər verir ki, əsasən iki ölkə arasında münasibətlər yaxşılaşan ərəfədə belə halların müşahidə edilməsi təəccüblüdür. Çünki Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra pisləşən münasibətlər artıq sağlamlaşmağa başlayıb. Lakin Tehrandakı bəzi qüvvələrin ara vurmaq cəhdləri də intensivləşib.
“Rasa News” saytı iddia edib ki, guya İsrailin Azərbaycanda hərbi bazası var: “İsrailin Azərbaycandakı hərbi mövcudluğu Təl-Əvivin İrana qarşı kəşfiyyat və dron əməliyyatları üçün Azərbaycanın quru, hava və dəniz bazalarından istifadə etməsi ilə müşahidə olunur. İrana qarşı son hücumlarda Bakının rolu İsrailin İrana qarşı hərbi təcavüzü zamanı ivrit mediasının dərc etdiyi dəlillər göstərir ki, Azərbaycan artıq əməliyyatdan xəbərdar idi və infrastrukturunu isə Təl-Əvivin ixtiyarına veribmiş”.
Qeyd edək ki, dekabrın 23-də İran prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycanda səfərdə olub. Zəhra Pezeşkian Bakıda “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir texnologiyalar və beynəlxalq əməkdaşlıq” adlı konfransda iştirak edib. Z.Pezeşkian tədbirdə Azərbaycan dilində çıxış edib və çıxışını Şəhriyarın məşhur “Salam, Heydərbaba” poemasından bir parça ilə yekunlaşdırıb.
Bundan əvvəl isə xarici işlər naziri Abbas Əraqçi Bakıya gəlmişdi. Yəni münasibətlərin belə bir dönəmində İranın mühafizəkar qanadına bağlı, əsasən SEPAH-ın himayəsində olan media resursları çeynənmiş fikirləri, böhtanları yağdırır.
Ali dini rəhbərə yaxın dairələr Bakıdan nə istəyir?
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli cənub qonşumuzda mühafizəkar qanadın bu davranışının təəccüb doğurduğunu qeyd etdi: “İranın ali dini rəhbəri Ayətullah Əli Xameneiyə yaxın dairələr, xüsusilə SEPAH və ona bağlı media resursları son vaxtlar Azərbaycana qarşı böhtan kampaniyası aparır. Bütün bunların ana xəttini guya İsrailin Azərbaycanda hərbi baza qurması iddiası təşkil edir. Lakin bu halın Tehran və Bakı arasında son aylarda müşahidə olunan müsbət dinamika ilə qarşılaşdırıldıqda daha çox siyasi və regional bir səbəbdən irəli gəldiyini deyə bilərik. Dekabrda İranın xarici işlər naziri Abbas Əraqçinin, Prezident Məsud Pezeşkianın qızı Zəhra Pezeşkianın Bakıya səfərləri və iki ölkənin liderlərinin telefon söhbəti münasibətlərin yeni mərhələsindən xəbər verirdi. Bu kontekstdə mühafizəkar qanadın münasibətləri korlamağa yönələn tamaşası təəccüb doğurur”.
Onun fikrincə, mühafizəkar qanadın aktivliyi Pezeşkianın anlaşma siyasətinə qarşı daxili müqavimətdir: “Xameneinin yaxın adamları açıq şəkildə Azərbaycanı sionistlərin dostu kimi təsvir edir. Bu da Tehran daxilində islahatçılara təzyiq deməkdir.
Xameneinin yaxın dairəsi Azərbaycandan dostluq əvəzinə mümkün olmayan güzəştlər tələb edir. Buraya İranın özünəməxsus baxışlarına daxil olan region təhlükəsizliyi, iqtisadi və ideoloji üstünlük daxildir. Əvvəlcə İsrailə qarşı boykot və hərbi əməkdaşlığın məhdudlaşdırılması tələb olunur. Azərbaycanın İsraildən silah alışı və normal münasibətlər qurması İranı narahat edir. İkinci tələb Zəngəzur dəhlizindən imtinadır. Bu İranın iqtisadi və siyasi təhlükəsizliyi şərti kimi irəli sürülür. İran hesab edir ki, dəhliz Ermənistanın cənubundan keçərək onun Qafqaza çıxışını kəsə bilər. Ona görə də ABŞ prezidenti Trampın təklif etdiyi TRİPP layihəsinə qarşı açıq çıxışlar edir. Əsas məqsəd regionun nəqliyyat marşrutlarına nəzarətdə İranın dominant roluna nail olaraq Ermənistanla strateji əməkdaşlıq qurmaqdır".
Siyasi şərhçi Mübariz Göyüşlü isə bildirib ki, İran mediasında, xüsusən mühafizəkar qüvvələrə yaxın olan SEPAH, Bəsic və onlara bağlı media qurumları, eləcə də jurnalistlər Azərbaycan-İran münasibətləri bir qədər normallaşmağa doğru getdikcə təxribat xarakterli, iki ölkə arasındakı əlaqələrə xələl gətirə biləcək materiallar yaymağa başlayırlar: “Hesab edirəm ki, bu proses yalnız media kampaniyası kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda İran daxilində hakimiyyətdaxili mübarizənin, xarici siyasət məsələlərində mövcud fikir ayrılıqlarının, prezident və onun komandası ilə radikal mühafizəkar kəsim arasında gedən qarşıdurmanın mətbuatda əks olunmasıdır”.
Siyasi şərhçi qeyd edib ki, Pezeşkian hakimiyyətdə olduğu müddətdə qonşu ölkələrlə gərginliyi azaltmaq, müəyyən iqtisadi və diplomatik açılımlar etməyə çalışır: “Lakin Ali dini rəhbərə yaxın mühafizəkar dini qruplar, SEPAH və Bəsic, eləcə də onların nəzarətində olan ideoloji və media strukturları İranda qonşu ölkələrə, xüsusən də Azərbaycana qarşı ”təhlükəli dövlət" imici formalaşdırmağa çalışırlar. Bu prosesdə İsrail amilindən istifadə olunur.
SEPAH üçün Azərbaycan-İran münasibətlərinin normallaşması onun maraqlarına uyğun deyil. Gərginliyin saxlanılması xarici düşmən obrazı yaratmağa və daxili ictimai-siyasi prosesləri nəzarət altında saxlamağa xidmət edir. Bu gərginlikdən SEPAH-ın konkret maraqları var: büdcəsinin genişləndirilməsi, Ali dini rəhbərlik qarşısında aktiv, təsiredici fəaliyyət görüntüsünün yaradılması. Əsas məqsəd Bakı-Tehran yaxınlaşmasını zədələməkdir".
M.Göyüşlünün sözlərinə görə, bu vasitə ilə Azərbaycana dolayı mesaj göndərilir ki, İsraillə münasibətlər məhdudlaşdırılsın, əlaqələr genişləndirilməsin.
M.Göyüşlü bildirib ki, Azərbaycan İsraillə münasibətlərini qoruyur, eyni zamanda İranla münasibətlərin gərginləşməsində maraqlı deyil: “Daxili işlərə qarışmadan, qarşılıqlı hörmət əsasında əlaqələrin davam etdirilməsinin tərəfdarıyıq. Lakin görünən odur ki, İranda SEPAH və onun təsiri altında olan qruplar siyasi və ideoloji təzyiqdən əl çəkməyəcək, hətta bu xətti daha aqressiv şəkildə davam etdirə bilərlər. Bununla belə, bu cür üsullarla Azərbaycana, onun rəhbərliyinə və cəmiyyətinə təsir göstərmək mümkün deyil”.
“Yeni Müsavat”








