Son aylar Azərbaycanın daşınmaz əmlak bazarında durğunluq müşahidə olunur. Ev almaq və satmaq istəyənlər gözləmə mövqeyindədirlər. Nəzərə alsaq ki, daşınmaz əmlak bazarına daxil olan pul kütləsinin bir hissəsi qonşu Rusiyadan gəlirdi, hazırda bu axının bir hissəsi tam dayandığından bu, mövcud bazarda özünü göstərməkdədir. Hazırda qiymətlər əvvəlki aylarla müqayisədə xeyli ucuz olsa da, mənzil bazarında yenə də alıcı qıtlığı yaşanır. Rusiyada işləyib, ailəsinə pul göndərən insanların əksəriyyəti, hazırda Azərbaycandakı daşınmaz əmlaklarını satışa çıxarıb. Onardan biri, Rusiyada ticarətlə məşğul olan Rövşən Zeynalov vəziyyətin çox acınacaqlı olduğunu deyir. Onun sözlərinə görə, bir çox azərbaycanlılar artıq burada olan biznesləri ilə vidalaşıb ölkəyə qayıdıblar. O, bildirib ki, vəziyyətdən çıxış yolu kimi Sumqayıt şəhərində olan 2 otaqlı mənzilini satışa çıxarıb. R. Zeynalov qeyd etdi ki, 2 ay bundan qabaq həmin mənzili 60 min dollara satmağı düşünürdüsə, indi 53 min dollara belə satmağa razıdır: “Əlacsız vəziyyət yarandığından mənzilimi satışa çıxarmışam. Mən tək deyiləm, bəlkə də yüzlərlə mənim kimi insanlar vəziyyətdən bu cür çıxmağa çalışırlar.”
Ev satışı ilə məşğul olan maklerlər də bazarda evlərin, eləcə obyektlərin qiymətlərinin aşağı düşdüyünü deyirlər. Uzun müddətdir əmlak bazarında çalışan Ramin Qənbərov Anaitik.az-a bildirdi ki, bazarda durğunluq müşahidə olunur və son illər hələ belə hal müşahidə olunmamışdı: “Düzdür, qiymətlərdə kəskin ucuzlaşma yoxdur, amma getdikcə azalmalar artır. Məsələn, 2 otaqlı mənzilin qiyməti əvvəllər 65 min dollar idisə, indi bu qiymət 58 min dollara düşüb. Baxmayaraq ki, qiymət düşüb, amma bazarda alıcı yoxdur. Artıq 4 aydır ki, bir mənzil sata bilmirəm.”
R. Qənbərovun sözlərinə görə, ötən illə müqayisədə obyekt satışı da aşağı düşüb. Amma bu bazarda qiymətlərin azalması elə də müşahidə olunmur: “Amma bir məsələni də qeyd edim ki, əsasən obyekt satanlar Rusiyada işləyən azərbaycanlılardır. Əsasən onlar obyektlərini satmağa tələsirlər.”
Digər makler Elşən Orucov da deyir ki, evlərin qiyməti ilə maraqlananlar olsa da, hamı gözləmə mövqeyi tutub. Onun sözlərinə görə əvvəllər müştərilərə təklif edilən mənzillərin qiymətində ucuzlaşma müşahidə edilsə də, mənzil alan demək olar ki, yoxdur. O, qeyd edib ki, obyekt alanların sayı da azalıb. Obyekt alanlar da əsasən kiçik sahəsi olanlara üstünlük verirlər: “Bu sahədə o qədər də ucuzlaşma yoxdur. Əvvələr 25-30 kvadratmetr obyektin qiyməti 80 min dollar idisə, indi 75-78 min dollaradır.”
İqtisadçı ekspert Vüqar Bayramov Analitik.az-a deyir ki, xüsusən son 6 ayda mənzil bazarında durğunluq hökm sürür. Bazarda qiymətin aşağı düşməsi və tələbin azalması müşahidə olunur. Ən çox qiymət azalması ikinci əl mənzillərdə müşahidə olunur: “Yeni tikililərdə, əvvəlki illərdə alınan, istifadə olunmuş və satışa çıxarılan mənzillərin, köhnə tikililərin, torpaqların qiymətində azalma var. Son 6 ayda mənzil bazarında orta hesabla 8 faizə yaxın qiymət azalması müşahidə olunur.” V. Bayramovun sözlərinə görə, qiymət azalması yeni tikililərdə müşahidə olunmur. Bunun da bir neçə səbəbləri var: “Bu da təbii ki, onların xərclərinin yüksək olması ilə bağlıdır. Yeni inşa edilən və təhvil verilən binalarda mənzillərin qiyməti praktiki olaraq əvvəlki dövrlərlə müqayisədə dəyişməyib. Ümumiyyətlə, mənzil bazarında ikinci əl, yəni köhnə tikililərdə mənzillərin qiymətinin aşağı düşməsi, onara olan tələbin azalması ilə bağlıdır.”
Ekspert onu da dedi ki, tələbin azalması isə Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin məbləğinin azalması, həmçinin Rusiyada yaşayan azərbaycanlıların Bakının mənzil bazarında artıq tələb formalaşdıra bilməməsi ilə bağlıdır. Bu məsələyə başqa səbəblər də təsir göstərir: “Rusiyada çalışan azərbaycanlıların Bakıdakı mənzillərini sataraq, Rusiyada mənzil almasına üstünlük verməsi də bazara təsir edən amillərdəndir. Əvvəlki illərdə Rusiyada yaşayan azərbaycanlılar, Bakıda satılan mənzillərin təxminən Вј-ni alırdılar. Yəni hər 4 mənzildən birini onlar alırdılar. Bu baxımdan Rusiyada baş verənlər mənzil bazarına birbaşa təsir göstərib. Güman olunur ki, qiymətlərin ucuzlaşması davam edəcək. Rusiyada çalışan azərbaycanlılar hələlik Bakıda tələb formalaşdırmırlar. Neftin dünya bazarındakı qiyməti də proqnozlaşdırılan səviyyədən aşağıdır. Bu da mənzil bazarına növbəti aylarda da iqtisadi və psixoloji təsirini qoruyub saxlayacaq.”
Ekspert yalnız mənzil bazarında deyil, qeyri-yaşayış sahələrində də qiymət azalmasının olduğunu vurğuladı: “Biznes təyinatlı obyektlərdə də qiymət azalmaları baş verir və burada da alıcı azlığı müşahidə olunur. Bu bazarda növbəti aylarda da azalma tendensiyasının davam edəcəyi proqnozlaşdırılır.” İqtisadçı qeyd etdi ki, vəziyyət belə davam edərsə, ilin sonunadək mənzil və obyektlərin qiymətinin 12 faizə yaxın olacağı proqnozlaşdırılır.








