
Türkiyənin “24TV” kanalına müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu sədri Avropada islamofobiyanı qızışdıran qüvvələri təhlil edib.
SalamNews-un məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun sədri Elşad İskəndərov Türkiyənin nüfuzlu “24 TV” telekanalında “Həyatın içindən” verilişinin qonağı olub. Verilişin mövzusu isə dünyada, xüsusən də Avropada son zamanlar geniş vüsət alan islamofobiya və bu tendensiya ilə mübarizə yollarının müzakirəsi olub.
Elşad İskəndərov aparıcının sualların cavablandırarkən bildirib ki, islamofobiyanın arxasında tarixi zərurətdən daha çox manupilyasiya xarakterli əməllər gizlənir: “Bu proseslərin arxasında Avropada olan 3 düşüncə dayanır. Birincisi, müsəlmanların nüfuzu Avropada durmadan artır. Proqnozlar səslənir ki, artıq 2050-ci ildə Avropa tam müsəlmanların nəzarətində olacaq. İkincisi, müsəlmanlar Avropa dəyərlərini qəbul etmirlər. Onların dəyərləri Avropanın liberal dəyərlərinin əksi olan bir dəyərlərdir. Üçüncüsü isə, bu dəyərləri qəbul etməyincə terrora əl atırlar və bunu sanki İslam mədəniyyətinin ayrılmaz bir hissəsi kimi təqdim edirlər. Və məhz bu üç xüsusiyyət üzündən söyləyirlər ki, müsəlmanlar Avropanın gələcəyi üçün bir təhlükədirlər. Amma biz araşdırmalar zamanı bəzi rəqəmlər əldə etmişik.
Məsələn, ictimai rəyə əsasən, Fransa əhalisinin 31 faizi müsəlmandır. Realda isə 7,5 faizdir. Eyni göstəricilər Almaniyada 19 və 5,8 faizdir. İngiltərədə 21 faiz göstərilsə də, müsəlmanların gerçək sayı 4,8 fazidir. ABŞ-da qlobal araşdırmalar həyata keçirən Mərkəz var. Onun araşdırmalarına əsasən 2030-cı illərdə müsəlmanların Avropa Birliyi ölkələrindəki sayı təqribən 8 faiz təşkil edəcək. Yəni guya müsəlmanların Avropada tezliklə çoxluq təşkil etmələri barədə söylənilənlərin arxasında heç bir əsas yoxdur. İkincisi, inteqrasiya ilə əlaqəlidir. Fransada “hansı mənsubluğunuz öncə gəlir?” sualına müsəlmanların 40 faizi öncə fransız kimliklərini göstərmişlər, sonra etnik, üçüncü isə dini mənsubluqlarını. Yəni müsəlmanların Avropaya inteqrasiya olmadıqları barədə iddiaların arxasında da heç bir əsas dayanmır. Müsəlmanların terrorla eyniləşdirilməsinə gəldikdə isə, son 20-30 il ərzində Avropada baş verən terror aktlarına baxsaq, onların 90 faizini qeyri-müsəlmanlar törədiblər”.
E.İskəndərov başçılıq etdiyi təşkilatın islamofobiya ilə mübarizəyə xüsusi önəm verdiyini vurğulayaraq, bu bəlanın aradan qaldırılması ilə əlaqədar planlar barədə də söz açıb: “Bizim təşkilatın islamofobiyanın monitorinqini həyata keçirən bir qurumu var. Amma bu kifayət deyil. Əslində müsəlman ölkələrinin və qurumlarının Avropa müsəlmanları və Avropanın Lük Besson kimi aydınları (Rejissor Lük Besson “Charlie Hebdo”ya qarşı törədilən terror aktından sonra Fransanın müsəlman gənclərinə açıq məktubla müraciət etmişdi: “Qardaşım, bu gün sənin və gözəl dininin təhqirə məruz qalmasına, aşağılanmasına və ittiham olunmasına nə dərəcədə üzüldüyümü bir bilsəydin! Sənin gücün, enerjin, yumorun, qəlbin, qardaşlığın unudulub. Bu ədalətsizlikdir və biz bu ədalətsizliyə birlikdə son qoymalıyıq” - red.), həmçinin islamofobiya əleyhinə olan qüvvələrin də iştirakı ilə islamofobiyaya qarşı güclü bir kampaniya keçirməsinə ehtiyac var. Biz İKGF olaraq və bu proseslərin ilk öncə gəncləri hədəfə aldığını nəzərdə tutaraq fevral ayından başlayaraq Avropada bir platformanın həyata keçirilməsini planlaşdırırıq. Söylədiyim kimi, bu platforma Avropanın həm müsəlman, həm də qeyri-müsəlman təşkilatlarının ortaq gələcəyini nəzərə alaraq reallaşdırılacaq. İlk hədəfimiz Avropada islamofobiya ilə mübarizə gününün təsis edilməsidir.
Məsələn, bir çox ölkələrdə Holokostun, heç bir tarixi əsası olmayan “erməni soyqırımı” gününün qeyd olunmasının şahidi oluruq. İslamofobiya isə günümüzün reallığıdır və onun fəsadları göz önündədir. Biz bu məsələdə İngiltərə parlamentinin müsəlman əsilli deputatlarının yardımından da istifadə etməyi nəzərdə tuturuq. Aprel ayında isə Brüsseldə konqres keçiriləcək və onun yekunu olaraq belə bir platformanın təsis edilməsini hədəfləyirik. Bu platforma sıralarında həqiqətən aktiv və fəaliyyət göstərmək istəyən təşkilatları və insanları birləşdirəcək. Sonralar bu platformanın genişlənərək bütün Avropa ərzisində fəaliyyət göstərəcəyi nəzərdə tutulub”.
Xatırladaq ki, Elşad İskəndərov 2014-cü ilin oktyabr ayında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun II Baş Assambleyasında yekdilliklə İƏT Gənclər Forumunun yeni sədri seçilib. Qeyd edək ki, islamofobiya ilə mübarizə təşkilatın “10 ilə - 10 hədəf” adlı 10 illik strateji planında yer alıb.










