And içərəm, amma sübut edə bilmərəm: dünyanın əksər çempionatlarında nəticəsi öncədən bəlli olan oyunlar var və bunu məhz hakimlərin iştirakı ilə edirlər.
Nəsə, onlarla işimiz yox, gələk bizim çempionata...
Azər Bağırov Tovuzdakı qolsuz bərabərlikdən sonra bildirib ki, “düz oynamağın nəticəsində xal qazandıq”. Onun həmkarı Kurban Berdıyev isə fərqli fikirdədi: “Vurduğumuz qolu hamı gördü, amma hakim yox”.
Məncə, Bağırovu nədəsə ittiham etmək düzgün olmaz. “Şamaxı” səfərə uduzmamağa getmişdi və istəyinə çatdı. Ancaq bunu “düzgün oyunla” yox, daha çox “Turan Tovuz”un sayılmayan qolu sayəsində bacardı. Yəni, 1 xalı “Şamaxı”ya hakimlər hədiyyə etdi...
Berdiyev etiraf edir ki, birinci hissədə çox pis oynadılar. Adam haqlıdı. “İkinci yarıda yaxşı olduğumuzu deyə bilmərəm” söyləyərkən də yenə haqlıdı. Matç ərzində komanda heç nə ilə yadda qalmadı.
Yəni, “Turan” xal itirdiyi bu qarşılaşmada qələbə üçün demək olar ki, heç nə etmədi. Ortada sadəcə qeydə alınmayan qol var və Berdiyev haqlı olaraq hakimləri günahlandırır. Bəs, öz günahı haradadı?
Ona yaradılan şərait hansı məşqçidə var? Sən “Qəbələ”ni güclə məğlub edirsən, “Şamaxı” ilə bacarmırsan. O boyda təcrübəli mütəxəssis belə ürək parçalayan nəticələr göstərirsə, hələ görüləsi çox iş var. O iş də ətrafına tapşırıqla işə götürdüyü məşqçiləri təmizləməkdən başlayır.
Epizoda gəlincə, mənə görə təmiz qoldu. Yəqin ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov buna münasibət bildirəcək. Amma “top rəqibin ayağından gəlmişdi” desə, təəccüblənmərəm...
İxtiyar Əsgərov - "DİA-AZ"


















