"Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin olunanda gördüyü ilk işlərdən biri şəhid ailələrinin hər birinə baş çəkmək, onların problemləri ilə yerindəcə maraqlanmaq oldu..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında şəhid qardaşı Elyar İslamoğlu qeyd edib.
O daha sonra özünün etiraz dolu müraciətində belə davam edir: "O, kabinetdə oturub müraciət gözləmək əvəzinə şəhid ailələrinin qapısını döydü, dərdlərini dinlədi, qayğılarını öz gözləri ilə gördü. Bu sadəcə vəzifə borcunun icrası deyil, şəhid ailələrinə dövlət münasibətinin layiqli nümunəsi idi.
Təəssüf ki, bu gün həmin yanaşmanın davam etdirilmədiyi barədə şəhid ailələrindən xeyli narazılıqlar səslənir. Fərid Bağırovun nazir kimi fəaliyyətində şəhid ailələrinin problemlərinə eyni həssaslıqla yanaşılması, onların evlərinə gedilərək problemlərinin yerindəcə öyrənilməsi gözlənilir. Çünki şəhid ailəsinin problemini kabinetdən tam görmək mümkün deyil. Bəzən bir evə baş çəkmək, bir ananın dərdini dinləmək, bir övladın qayğısını bölüşmək ən böyük dövlət dəstəyinə çevrilə bilər.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib. Ölkə rəhbərinin şəhid ailələrinə münasibətdə göstərdiyi nümunə hər bir dövlət məmuru üçün örnək olmalıdır. Dövlət başçısının şəhid ailələrinin yanında olması, onların problemlərinin həlli ilə şəxsən maraqlanması göstərir ki, bu ailələrə qayğı sadəcə hesabatlarda yazılan bir vəzifə deyil, mənəvi məsuliyyətdir.
Unutmaq olmaz: bu gün məmurların oturduğu hər bir kabinet, istifadə etdiyi hər bir dövlət imkanı, ölkəmizin sabitliyi və əmin-amanlığı şəhidlərimizin canı və qanı hesabına qorunub. Şəhid ailəsinə göstərilən diqqət isə şəhidin xatirəsinə göstərilən ehtiramdır.
Ona görə də Fərid Bağırovdan gözlənti sadədir: Ceyhun Cəlilovun başladığı bu ənənəni davam etdirmək, kabinetdən çıxıb şəhid ailələrinin evlərinə getmək, onların problemlərini yerindəcə dinləmək və həllinə çalışmaq. Çünki şəhid ailələri dövlət məmurunun qəbuluna möhtac insanlar deyil, onlar bu dövlətin qarşısında haqqı və əmanəti olan ailələrdir.
Dövlət başçısının şəhid ailələrinə münasibətdə göstərdiyi nümunə hər bir məmur üçün yol göstəricisi olmalıdır. Şəhid ailəsinə xidmət etmək sadəcə vəzifə deyil, həm də Vətən qarşısında mənəvi borcdur..."













