Kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ayaz müəllim, avqustun 1-də 66 yaşınız tamam olur. Yeni yaşınızı hansı hisslərlə qarşılayırsınız? Doğum gününüzlə bağlı xüsusi planlarınız varmı və özünüzə ən böyük arzunuz nədir?
- 60 yaşdan sonra, təbii ki, hər doğum günü artıq bayram kimi hiss olunmur. Bir çox insan kimi məndə də qocalıq və ölüm qorxusu var. Düşünürəm ki, bu hiss insanların əksəriyyətinə tanışdır. Artıq 50-60 yaşdan sonra doğum günlərinə əvvəlki kimi yanaşmıram. Amma yaradıcı planlarım çoxdur. Mənə elə gəlir ki, insan nə qədər düşünür, yaradır və məqsədləri uğrunda çalışırsa, bir o qədər də yaşamaq həvəsi olur.
Moskvada mənim yaxın dostum var idi. Deyirdi ki, artıq yaşamaq istəmirəm. Təəssüf ki, bir müddət sonra heç bir ciddi səbəb olmadan dünyasını dəyişdi. Mənimlə yaşıd idi. Bu hadisə mənə bir daha göstərdi ki, yaşamaq iradəsi insan üçün çox vacib amildir. Övladlarıma yalnız can sağlığı arzulayıram. Bundan başqa heç bir arzum yoxdur. Yaşamaq çox maraqlıdır. İncəsənətin də ən əsas vəzifəsi insanlarda yaşamaq iradəsini gücləndirmək, həyata sevgini aşılamaqdır. Gözlərimizin qarşısında bir möcüzə baş verdi. Qarabağ işğaldan azad edildi. Şuşada sonuncu dəfə 25 yaşımda olmuşdum. Həyatı mənalı yaşamaq lazımdır. Çünki hər şeyin və hər kəsin bu dünyada öz yeri və əhəmiyyəti var.
- Necə düşünürsünüz, insanın yaşamaq iradəsini itirməməsi və həyata bağlı qalması üçün ona ilk növbədə nə lazımdır?
- Maraq hissi...Mən çox maraqlı həyat yaşamışam və yaşayıram. Ona görə də yaşamağı və həyatı sevirəm.
- Həyatdan küsdüyünüz anlar olurmu? Belə vaxtlarda sizi yenidən həyata bağlayan nədir?
- Xeyr, heç vaxt. Bir az sadə səslənəcək, amma həqiqətən də bu, yaşamaq üçün çox vacib bir həqiqətdir və hamıya aiddir. Bəzən həyatdan, yaşamaqdan küsürük. Amma ən dəhşətlisi fiziki ağrıdır, sağlamlığın pozulması, xəstəlikdir. İnsan xəstəlik və fiziki ağrı ilə üzləşəndə, bu, artıq ona bir siqnaldır ki, vaxtın məhduddur və hər an hər şey dəyişə bilər. Bu, insanı həyata daha fərqli baxmağa vadar edir.
- Axirət və ölümdən sonrakı mövcudluğa inanırsınız?
- Mən "inanıram" deməkdən daha çox, "ümid edirəm" deyərdim. Çünki istəməzdim ki, hər şey ölümlə bitsin. İnsan var, bəşəriyyət var, mən özüm varam. İncəsənət, dahi sənət əsərləri, elmin nailiyyətləri, süni intellekt kimi yaradılışlar var və bunların hamısını insan yaradıb. Mən bunların təsadüf nəticəsində meydana gəldiyinə inanmaqda çətinlik çəkirəm. Mənə elə gəlir ki, bütün bunların arxasında daha böyük bir məna dayanır.
Kainatın sonsuzluğu, varlığın sirri, Allah anlayışı kimi mövzular insan təfəkkürünün sərhədlərini aşır. Buna görə də ümid edirəm ki, ölümdən sonra da həyat var.
İnsan həyatında, o cümlədən mənim həyatımda da ruhaniyyətlə fiziki varlıq arasında daim bir mübarizə gedir. Bədən bir istiqamətə, ruh isə başqa istiqamətə çəkir. Etiraf etməliyəm ki, 80 faiz bədən üstün gəlir. Əslində, bu daxili qarşıdurma əsrlər boyu incəsənətin, ədəbiyyatın və dünya kinosunun ən əsas mövzularından biri olub.
- Bəs, yaradıcılıq planlarınız nədən ibarətdir?
- Hazırda ssenari yazıram, bədii film çəkəcəyik. Bu haqda öncədən geniş danışmaq istəmirəm.
- Qarabağın azadlığı Azərbaycan tarixində yeni bir mərhələ açdı. Bu haqda film çəkməyi düşünürsünüzmü?
- Mən Qarabağ haqqında tammetrajlı sənədli film çəkmişəm. Filmin adı "Torpaqdır". Bu, bir salnamə filmidir. Təəssüf ki, yeddi ildir filmin premyerası baş tutmayıb. Ümid edirəm ki, bu ilin sentyabr-oktyabr aylarında nəhayət tamaşaçılara təqdim olunacaq. Hələ müharibədən əvvəl, açığı, Qarabağın nə vaxtsa azad ediləcəyinə inamımın zəiflədiyi bir dövrdə Qərbi Azərbaycan mövzusunda işləməyə başladım. O vaxt anladım ki, bunlar bir-birini tamamlayan iki qoldur: biri Qarabağ, digəri isə Qərbi Azərbaycandır. Ondan əvvəl də Qarabağ həsrətini əks etdirən salnamə filmi çəkmişdim.
Hesab edirəm ki, Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm. Bu gün artıq Qarabağın bədii kinoda yüksək sənət səviyyəsində əksini gözləyirik. Təəssüf ki, bir neçə istisna olmaqla, bu mövzu nə ədəbiyyatda, nə kinoda, nə də digər incəsənət sahələrində layiq olduğu səviyyədə əksini tapmayıb.
Bir misal çəkim. Xirosima faciəsi haqqında müxtəlif incəsənət nümunələri yaradılıb. Məncə, bu faciə haqqında yazılmış ən güclü əsərlərdən biri Nazim Hikmətin "Qız uşağı" şeiridir. Bu şeir dünyanın müxtəlif dillərinə tərcümə olunub, məşhur sənətçilər tərəfindən səsləndirilib, Yaponiyada meydanlarda oxunub. Xirosima Yaponiyada baş verib, Nazim Hikmət isə türk şairidir.
Deməli, böyük sənət milli sərhədləri aşmağı bacarır. Bizdə isə Gəncədə 12 yaşlı bir qız öz evində raket hücumu nəticəsində həyatını itirdi. Bu faciə haqqında onlarla şeir yazılmalı, filmlər çəkilməli idi. Əfsuslar olsun ki, bu hadisəyə biganə münasibət göstərildi. Bu, məni çox düşündürür.
Hesab edirəm ki, 2020-ci ildən başlayan dövr Azərbaycanın tarixinin ən şərəfli səhifələrindən biridir. Şah İsmayılın, Atabəylərin dövrünü də nəzərə alsaq, müasir Azərbaycan tarixində belə şərəfli bir mərhələ olmayıb. Təəccüblüdür ki, bu böyük tarixi dönüş incəsənətdə hələ də lazımi səviyyədə əksini tapmır. Biz sanki hansı tarixi dövrdə yaşadığımızın fərqində deyilik. Gözümüzün qarşısında tarix yazılır. Otuz il ərzində mən müxtəlif xarici ölkələrdə konfranslarda iştirak etmişəm, erməni tərəfinin nümayəndələri ilə debatlara çıxmışam, layihələr hazırlamışam. Nə qədər təhqirlərlə qarşılaşsam da, hər zaman cavabımı vermişəm. Amma bu gün Azərbaycan xalqı dünyada tamamilə başqa cür qəbul olunur. Artıq xalqımız igid, cəngavər və qalib bir millət kimi tanınır. Azərbaycanın tarixində belə bir dövr çox nadir yaşanıb. Buna baxmayaraq, bu tarixi yetərincə dərk etməməyimiz, ona laqeyd yanaşmağımız məni çox təəccübləndirir. Bir daha qeyd edirəm, söhbət gözümüzün önündə yazılan böyük tarixdən gedir.
- "Yarasa" filmi Azərbaycan kinosunda dönüş nöqtələrindən biri hesab olunur. Bu gün həmin filmi yenidən çəksəydiniz, hansı dəyişiklikləri edərdiniz?
- Bəli, bu günə qədər həm həyatımda, həm də yaradıcılığımda ən uğurlu işim "Yarasa" filmi olub. Mənim üçün bir nömrəli iş məhz odur. Film beynəlxalq festivallarda nümayiş etdirilib və uğurlar qazanıb. Bu gün həmin filmi yenidən çəkməli olsaydım, prinsipial baxımdan heç nəyi dəyişməzdim. Əlbəttə, zaman keçdikcə insan bəzi detallar barədə fərqli düşünə bilər, müəyyən xırda düzəlişlər etmək istəyə bilər. Hətta mənə desəydilər ki, bu filmi yenidən çəkmək üçün istənilən maliyyə ayrılacaq, bütün texniki imkanlar yaradılacaq, dünya səviyyəli aktyorlar cəlb olunacaq, yenə də eyni nəticəni əldə etmək mümkün olmazdı. Çünki "Yarasa" öz dövrünün, həmin zamanın ruhunun və o vaxtkı düşüncə tərzimin məhsuludur. Belə əsərlər təkrar yaranmır, onlar yalnız öz dövründə və öz təbii şəraitində meydana gəlir.
- "Yarasa" sizin ən uğurlu filminiz hesab olunur. Nə üçün sonrakı yaradıcılığınızda həmin xətti davam etdirən layihələr ortaya çıxmadı?
- Ümid edirəm ki, indi çəkəcəm. Bəlkə də ondan da yaxşısını. Bilmirəm... Filmlər əvəzinə çox gözəl qız övladlarım var. Onları boya-baş çatdırdım. Dörd övladım var, üç qız, bir oğlan.
- Övladlarınız sırasında sizin yaradıcılıq yolunuzu davam etdirənlər varmı?
- Böyük qızım Leyli Salayeva, şairədir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Əsərləri təkcə ölkəmizdə deyil, xaricdə də nəşr olunur. Amma düşünürəm ki, övladlarımın hamısı məndən müəyyən mənada nəsə götürüblər.
- Azərbaycan filmlərinin beynəlxalq festivallarda daha çox uğur qazanması üçün hansı istiqamətlərə üstünlük verilməlidir?
- Beynəlxalq festivallarda uğur qazanmaq yaxşı haldır. Amma bu, ölçülü olmalıdır. Bəzən filmə kommersiya xarakterli, gəlir mənbəyi kimi baxırlar. Bu yanaşma çox vaxt dəhşətli nəticələrə gətirib çıxarır: səviyyəsiz filmlər çəkilir, tamaşaçı zövqü korlanır. Festivalları əsas ölçü götürürlər. Bunun da öz yolları var. Belə filmlər böyük uğur qazanmaya da bilər, amma festivallara düşür. Məncə, bu da yol deyil. Çünki sən yenə də kiməsə işləyirsən. Filmin festivallarda uğur qazanmasını yox, kinonun milli mədəniyyətin bir hissəsinə çevrilməsini düşünmək lazımdır. Gəlir, şöhrət, festival haqqında düşünməmək lazımdır. Sadəcə, filmə xalqımızın yaşadığı həyatın güzgüsü kimi yanaşmaq lazımdır. Bizim yaşadığımız dövrü, xalqımızın mahiyyətini, onun nə olduğunu bədii məzmunlu obrazlarla ifadə etmək, bunun bədii əksini tapan filmlər çəkmək və onları ekrana gətirmək lazımdır.
- Son illərdə dövlətin kino sahəsinə dəstəyi Azərbaycan kino sənayesinin inkişafı üçün kifayət edirmi? Hansı mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var?
- Mən bu suala belə cavab verərdim: mexanizmlər, islahatlar, quruculuq işləri, avadanlıqlar və digər məsələlər ikinci dərəcəlidir. Birinci dərəcəli məsələ isə beyindir, qəlbdir, insandır, sənətkardır.
Əsas olan onların hansı məqsədlə bu sahəyə gəlməsi, nə dərəcədə istedadlı və zövqlü olmalarıdır. Hər şey, nəticə etibarilə, sənətkarların səviyyəsindən asılıdır.
- Sizcə Azərbaycanda peşəkar kino təhsilinin səviyyəsi müasir tələblərə cavab verirmi?
- Təhsil baxımından əsas problem təkcə peşə vərdişlərinin öyrədilməsi deyil. Ən vacib məsələ dünya mədəniyyətini, ədəbiyyatını, təsviri sənəti və ümumilikdə bəşəri mədəni irsi dərindən mənimsəməkdir. Çünki bunlar sənətkarın dünyagörüşünün və estetik zövqünün formalaşmasında həlledici rol oynayır. "Dünya mədəniyyəti" anlayışı müxtəlif xalqların yaratdığı böyük sənət nümunələrini - ədəbiyyatı, təsviri sənəti, kinonu və digər incəsənət sahələrini özündə birləşdirir. Bu əsərlərin hər biri dünyaya fərqli baxış, düşüncə tərzi təqdim edir və sənətkarın yaradıcılıq təfəkkürünü zənginləşdirir. Mən hesab edirəm ki, gənc sənətkarlarda məhz bu böyük mədəniyyətə mənsubiyyət hissi formalaşdırılmalıdır. Bu hiss olmadan peşəkar sənətkar yetişdirmək çətindir. Ona görə də kino təhsilində əsas diqqət yalnız texniki biliklərə deyil, həm də dünya mədəniyyətinin dərindən öyrənilməsinə yönəldilməlidir.
- Bu gün Azərbaycan kinosunun ümumi vəziyyətini necə qiymətləndirirsiniz?
- Hələ ki, bu sahə yaşadığımız dövrə uyğun deyil.
- Kino Agentliyinin yaradılması bu sahəyə necə təsir etdi?
- Kino sahəsinin inkişafı ilk növbədə bu sahəyə gələn insanların səviyyəsindən, dünyagörüşündən və sənətə münasibətindən asılıdır. Kino Agentliyi, təkbaşına sənətkar yetişdirə bilməz. Bunun üçün insanın daxili istedadı, mədəni hazırlığı və sənətə bağlılığı olmalıdır. Əsas sual budur: insanlar kinoya hansı məqsədlə gəlirlər? Onları bu sahəyə gətirən nədir? Yalnız şöhrət və ya maddi qazanc arzusu? Şübhəsiz ki, pul da, şöhrət də hər kəs üçün önəmlidir. Ancaq əsl sənətkar üçün bunlar əsas məqsəd ola bilməz. Kino sənətinin başlıca missiyası yaşadığı dövrün bədii obrazını yaratmaq, zamanın ruhunu və insanın taleyini ekranda əks etdirməkdir. Məhz bu məqsədlə çalışan sənətkarlar milli kinematoqrafiyanın inkişafına həqiqi töhfə verə bilərlər.
- Gənclərə hansı filmləri izləməyi məsləhət görərsiniz?
- Klassik filmləri...Necə ki, ədəbiyyatda Şekspir və Servantes, musiqidə Motsart, təsviri sənətdə Leonardo da Vinçi zirvə hesab olunur, kinonun da öz zirvələri var. Çarli Çaplin kimi dahilərin yaratdığı əsərlər dünya kinosunun klassik irsidir. Böyük sənətə aparan yol məhz bu zirvələri tanımaqdan və onlardan öyrənməkdən keçir.
- "Retro" verilişi sizi geniş auditoriyaya tanıtdı. Şöhrət həyatınıza və yaradıcılığınıza necə təsir göstərdi?
- Üç il "Retro" verilişində fəaliyyət göstərmişəm. Həmin layihə məni geniş auditoriyaya tanıtdı və həyatımda çox şeyi dəyişdi. Tanınmaq və şöhrət qarşıma yeni imkanlar yaratdı, bir çox qapıları üzümə açdı. Bu, əlbəttə ki, müsbət hal idi.
- Müsahibələrinizin birində sizi "Retro" verilişindən uzaqlaşdırdıqlarını qeyd etmisiniz. Bu haqda danışmağınızı istərdik.
- Bəli, aspiranturaya qəbul olundum və Moskvaya getdim. Lakin bu qərarın arxasında başqa səbəblər də var idi. O dövrdə sovet ideologiyası mənim sistemin ideoloji xəttinə uyğun düşünən biri olmadığımı görürdü. Məndən Mərkəzi Komitənin tələblərinə uyğun olaraq burjua cəmiyyətini və kapitalist sistemi tənqid etməyim, onları pisləməyim gözlənilirdi. Düşünmədiyim bir fikri müdafiə etmək və ya sırf ideoloji tələblərə görə səsləndirmək mənim xarakterimə uyğun deyildi.
- Azərbaycan Kinematoqrafçılar İttifaqında son zamanlar baş verənləri necə dəyərləndirirsiniz?
- Mən heç vaxt İttifaqın üzvü olmayacağam. Həsən Seyidbəylinin vəfatından, Rüstəm İbrahimbəyovun gəlişindən sonra, demək olar ki, İttifaq ölüb. Bu gün də həmin mövqedəyəm, heç kimi dəstəkləmirəm. Fikrimi bildirəndə hamı bilir ki, bunun arxasında nə şəxsi iddiam, nə də şəxsi marağım var. Mənim yalnız prinsiplərim var. Amma mənə elə gəlir ki, ittifaqlar birləşməyəcək.


















