Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiya layihəsinin cari ilin sonunadək ictimaiyyətə təqdim ediləcəyini bildirib. Jurnalistlərə açıqlamasında o, mətnin dəqiq nə vaxt dərc olunacağını söyləməsə də, bunun ilin sonunadək baş verəcəyini söyləyib.
Baş nazirə görə, layihənin təqdimatı parlament seçkiləri ilə əlaqədar təxirə salınıb. O qeyd edib ki, hakimiyyət seçki prosesinin bitməsindən sonra təzə layihənin geniş ictimai müzakirəsini təşkil etməyi məqsədəuyğun hesab edib.
Bildirək ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi regionda da diqqətlə izlənilir. Rəsmi Bakı uzun müddətdir bu konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların aradan qaldırılmasının dayanıqlı sülh sazişinin imzalanması baxımından vacib olduğunu bəyan edir. Paşinyan isə daha əvvəl yeni konstitusiyanın qəbulunun Ermənistanın daxili gündəliyindən irəli gəldiyini və orada Müstəqillik Bəyannaməsinə istinadın yer almayacağını deyib.
Bəs son açıqlama o anlama gəlirmi ki, sülh müqaviləsi 2026-cı ildə də imzalanmaya bilər?
Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Paşinyanın bu açıqlaması ilin sonuna qədər referendum olmayacağı deməkdir. Mütəxəssis hesab edir ki, hakimiyyət tərəddüd içindədir və ehtiyatını əldən vermək istəmir: "Görünür ki, bir ildə iki dəfə xalqı səsverməyə çağırmaqdan qorxur. Son seçkilərin nəticələri də göstərdi ki, istədiyi səsi ala bilmədi. Ona görə də referendumda səsvermənin yeni konstitusiyanın əleyhinə olacağından çəkinir. Görünür ki, zamana ehtiyacı var. Yeni konstitusiyada Qarabağ iddiası olmayacaq. Erməni cəmiyyətini isə referenduma hazırlamaq lazımdır".
Q.Hüseynlinin fikrincə, yekun sülh sənədinin imzalanması gələn ilə qala bilər: "Azərbaycan şərtini dəyişməyib. Bu vəziyyətdə sülh müqaviləsi bağlamaq gələcək nəsillərə problem buraxmaqdır. O halda mümkündür ki, Ermənistan ilin sonuna yaxın referendum keçirsin. Paşinyan isə qeyri-müəyyən danışıb və ilin sonuna qədər fərqli proseslər cərəyan edə bilər. Ola bilsin ki, noyabrda mətni dərc etsinlər, sonra referenduma hazırlaşsınlar. Onu da nəzərə alaq ki, hazırda parlamentdə konstitusion üstünlük də yoxdur deyə Paşinyan vaxt udmağa çalışır. Biz tələsmirik. Sülhü daha çox ermənilər istəməlidir. Amma xeyli yol qət edilib və bunun sonu sülh sazişi olmalıdır".






