Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Eyvaz Bağırlının cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, Biləsuvarda ailədaxili mübahisə faciə ilə nəticələnib. Ailə üzvləri arasında yaranan gərginlik zamanı ov tüfəngindən açılan atəş nəticəsində ata həyatını itirib. Təqsirləndirilən şəxs qəsdən adam öldürməkdə ittiham olunsa da, məhkəmədə özünü təqsirli bilməyib və hadisənin ittiham aktında göstərildiyi kimi baş vermədiyini söyləyib.
Belə ki hadisə 2025-ci il tarixdə Biləsuvar rayonunun Təzəkənd kəndində baş verib.
İstintaq materiallarında göstərilir ki, Eyvaz Bağırlının qardaşı Pərviz ailədaxili narazılıqlar səbəbindən həyat yoldaşı ilə birlikdə valideyn evini tərk edərək başqa ünvanda yaşamağa başlayıb. Həmin gün qardaşı ataları, zərərçəkmiş İqbal Bağırlının dəvəti ilə yenidən ailə evinə gəlib. Görüş zamanı qardaşlar arasında əvvəlki mübahisələr yenidən gündəmə gəlib. Pərviz Eyvazın onun haqqında qohumlar arasında həyat yoldaşının təsiri ilə evi tərk etməsi barədə söz-söhbətlər yaydığını bildirib və bu cür hərəkətlərə son qoymasını tələb edib. Bundan başqa, Pərvizin artıq ayrı yaşamasına baxmayaraq tez-tez evdən müxtəlif təsərrüfat əşyaları aparması da tərəflər arasında növbəti mübahisəyə səbəb olub.
Mübahisənin gərginləşdiyini görən ailə başçısı İqbal Bağırlı oğlunu sakitləşdirməyə çalışaraq daha ağır nəticələrin baş verməməsi üçün ona irad bildirib. Lakin təqsirləndirilən şəxs bundan hiddətlənərək tövlədən götürdüyü ov tüfəngi ilə atasına yaxın məsafədən iki dəfə atəş açıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, açılan atəş nəticəsində mərhumun qarının ön divarının sol hissəsinə nüfuz edən, qaraciyərin sol payını və bağırsaqları zədələyən iki odlu silah yarası əmələ gəlib. Ağır qanaxma nəticəsində aldığı xəsarətlər onun ölümünə səbəb olub.
İbtidai araşdırma zamanı Eyvaz Bağırlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə istintaqında ifadə verən Eyvaz Bağırlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Onun sözlərinə görə, hadisə günü ova getmək niyyətində olub. Atasının xahişi ilə mağazadan siqaret alaraq evə qayıdıb. Həmin vaxt İqbal Bağırlı ilə qardaşı Pərviz Bağırlı arasında mübahisə yaşandığını görüb. Daha sonra ova getmək üçün tüfəngi götürərək həyətə çıxıb. Bu zaman qardaşı yenidən evə gələrək laqondanı aparmaq istəyib və onların arasında qısa mübahisə yaranıb.
Təqsirləndirilən şəxs deyib ki, atası onu ova getmək fikrindən daşındırmağa çalışıb: “Mən isə anama yorğan-döşək daşımağa kömək etdiyim vaxt qəfil atəş səsi eşitdim. Həyətə çıxanda atamın yerdə qan içində uzanmış vəziyyətdə və belindən qan gəldiyini gördüm, ov tüfəngi isə qırılmış halda yerdə idi. Dərhal qonşuları köməyə çağırdım və atamı xəstəxanaya apardıq”.
Eyvaz iddia edib ki, hadisə zamanı tüfəng atasının əlində olub və silahın doldurulmuş vəziyyətdə olduğunu ona deməyib. Ov üçün istifadə etdiklərinə görə silahın əvvəlcədən patronla dolu olduğunu qeyd edib.
Məhkəmə baxışı zamanı Eyvaz Bağırlının ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadə arasında ciddi ziddiyyətlər yarandığından, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən onun əvvəlki ifadəsi elan olunaraq tədqiq edilib.
İstintaq zamanı verdiyi ifadəsində o bildirib ki, hadisə günü qardaşı ailədaxili mübahisələri yenidən gündəmə gətirərək evdə qalmaqal yaradıb. Mübahisə zamanı Pərvizi qorxutmaq məqsədilə evdə saxlanılan, qeydiyyatsız ov tüfəngini götürərək iki patronla doldurub həyətə çıxıb.
Eyvazın həmin ifadəsinə görə, bu vaxt atası qarşısını kəsərək əlindəki tüfəngi almağa çalışıb. Silahı özünə tərəf çəkdiyi anda barmağı təsadüfən tətiyə toxunub və bir dəfə atəş açılıb. Atəşdən sonra tüfəngi yerə çırpdığını, atasının yaralandığını görən kimi qonşulardan kömək istədiyini bildirib.
İbtidai istintaq zamanı o, atası və qardaşı ilə fiziki dava etmədiyini, yalnız sözlü mübahisə yaşandığını, atəşin ehtiyatsızlıq nəticəsində baş verdiyini demişdi.
Məhkəmədə əvvəlki ifadəsi ilə hazırkı ifadəsi arasındakı ziddiyyətlərə münasibət bildirən Eyvaz istintaq dövründəki ifadəsini təsdiqləməyib.
Məhkəmənin hökmü ilə ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.










