İlk baxışdan Tehranın mədəniyyət və ticarət mərkəzi sayılan Vəliəsr küçəsinin ağaclı səkiləri tamamilə adi görünür. Ancaq burada radikal olan məhz gözə dəyməyənlərdir.
"DİA-AZ" xəbər verir ki, bir vaxtlar qadınların geyimini təpədən-dırnağa nəzarətdə saxlayan, küçələrə qorxu salan patrullar artıq gündəlik həyatdan silinib. Məcburi hicab qanunu rəsmi olaraq hələ də qüvvədədir, amma İranın iri şəhərlərində bu qaydanın tətbiqi xeyli yumşalıb. Halbuki keçmişdə bu şəhərlər qadınların öz azadlıqları uğrunda "əxlaq polisi" ilə vuruşduğu əsl döyüş meydanı idi.
"Çoxdandır küçələrdə hicaba nəzarət edən patrullara rast gəlmirəm", – təhlükəsizlik səbəbindən adının açıqlanmasını istəməyən 30 yaşlarında olan tehranlı qadın "Radio Farda"ya bildirib. "Qadınlar artıq istədikləri kimi geyinirlər".
Qadınlar şəhərdə rahatlıqla qolsuz köynəklərdə, qısaqol donlarda, gen şalvarlarda və dar cinslərdə gəzirlər. Kimisi baş örtüyünü öz istəyi ilə taxır, çoxu isə ümumiyyətlə örtünmür. Kafelər adamla dolub-daşır, küçələrdə isə iynə atsan, yerə düşməz. Elə bil heç kim bu mənzərəni izləmir, heç kimin eyninə də deyil. Əslində, ən çox diqqət çəkən də məhz bu laqeydlikdir.









