Fransanın enerji nəhəngi ENGIE qrupuna bağlı olan “ENGIE E AND P ABSHERON B.V.” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu açıqlayıb.
"DİA-AZ" xəbər verir ki, şirkət uzun illər Azərbaycanda fəaliyyət göstərib və ölkənin enerji sektorunda həyata keçirilən Abşeron qaz-kondensat yatağı layihəsində iştirak edib.
Elanda qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.
“ENGIE E AND P ABSHERON B.V.” Niderlandda qeydiyyatdan keçmiş və Fransanın enerji şirkəti ENGIE qrupuna məxsus olan xüsusi layihə şirkəti idi. Şirkət Azərbaycanın Xəzər dənizində yerləşən Abşeron qaz-kondensat yatağının işlənilməsi layihəsində pay sahibi olub.
ENGIE 2017-ci ildə Abşeron layihəsindəki iştirak payını sataraq layihədən çıxıb. Bundan sonra şirkətin Azərbaycandakı fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşmışdı. Filialın ləğvi də layihədən çıxışdan sonra qalan hüquqi iştirakın yekunlaşdırılması kimi qiymətləndirilə bilər.









