İsrailin keçmiş baş naziri Naftali Bennet etiraf edib ki, İsrail “Starlink” internet qurğularını İrandakı antihökumət etirazçılarına kömək etmək üçün qaçaq yolla bu ölkəyə keçirib.
"DİA-AZ" xəbər verir ki, Bennet bu sözlərini Yerusəlim şəhərində keçirilən Beynəlxalq Siyasət Quruculuğu Sammitindəki iştirakçılar qarşısında söyləyib. O, İrana on minlərlə “Starlink” qurğusu göndərildiyini, onların internetin davamlılığına kömək edə biləcəyini deyib.
“Starlink” Elon Maskın “Space X” şirkətinə məxsusdur və peyk interneti təminatı həyata keçirir. İran bundan öncə İsrail və ABŞ-ni bu qurğuları qaçaqmalçılıqla ölkəyə keçirməkdə və onun təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edib. “Starlink” İranda fəaliyyət üçün lisenziya almasa da Mask İran üçün internet xidmətinin aktiv olduğunu bildirib.
Bennet həmçinin deyib ki, bu qurğular etirazçıların arasında koordinasiyanın təşkilinə və yekunda hökumətin devrilməsinə kömək üçün nəzərdə tutulub:
“Təəssüf ki, hazırkı qabiliyyətsiz İsrail hökuməti bunun baş verməsinə imkan vermədi. Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi”.
O həmçinin İsrail və Yaxın Şərq ölkələrinin birgə İrandakı rejimi devirməli olduğunu deyib. Bennet İranın SSRİ kimi dağılacağını bildirib.
Netanyahunun ofisi Bennetin açıqlamalarına reaksiya verməyib. “Space X” də hələlik iddiaları şərh etməyib.
İranda anti-hökumət etirazları dekabrın sonunda başlayıb. Etirazların 10-cu günündə isə etirazçılara qarşı ən sərt formada reaksiya verilib. Nəticədə yanvar ayındakı etirazlarda minlərlə insan həbs edilib və qətlə yetirilib. İran hakimiyyəti etirazçıların qətl edildiyini etiraf edib, amma onların etirazçı olaraq təqdim etməkdən imtina edib. Qərbdə İrandakı insan haqları araşdırmaları edən hüquq müdafiə təşkilatları isə ölənlərin sayının rəsmi rəqəmlərdən dəfələrlə çox olduğunu bildiriblər.
Həm yanvar etirazları, həm də ardınca başlayan müharibə dövründə İran ölkədəki interneti tam qapadıb. Ölkədə həm etirazlarda iştirak, həm də “Starlink” istifadəsinə görə, yüzlərlə şəxs həbs olunub, onlara qarşı casusluq və qaçaqmalçılıq ittihamları irəli sürülüb. Bu şəxslərdən bir qisminin edam edildiyi İranın müxalif mediası tərəfindən tirajlanıb.









