“Nəinki Hacıbaba Bağırovdan danışmaq, onun haqda bir kəlmə belə söz deməyin özü də böyük məsuliyyətdir. Elə bir sənətkar və insan heç vaxt yer üzünə gəlməyəcəl. Elə bir gün olmur ki, ona rəhmət oxunmasın. Tək mən yox, onun adı çəkiləndə çox adam Hacıbaba Bağırova rəhmət oxuyur. Mən istərdim ki, hər bir sənətkar, aktyor özünə sağ ikən rəhmət qazansın. Hacıbabadan yox idi. Allah onun tək balasını qorusun. Mən Şölənin gələcəyinə inanıram”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.
O daha sonra əlavə edib:
“Mən 1994-cü ildən bu günə qədər Akademik Musiqili Teatrda çalışıram. Məni bu teatra Hacıbaba Bağırov qəbul edib. Onun kimi dahi insan və sənətkarlar heç vaxt dünyaya gəlməyəcək. Olanlar da çıxıb gedir. Mən bu gün də özümü xoşbəxt hiss edirəm ki, onunla üzbəüz gəlib, salam vermişəm, bir səhnəni bölüşmüşəm. Hacıbaba Bağırovla tərəf müqabili olmaq çox çətin idi. İmprovizələr edirdi. O improvizələrə hazır olmalı idin ki, cavab verə biləsən. Mən Hacıbaba Bağırovun improvizəsinə səhnədə cavab verə bilirdim”.
Aktrisa Fatma Mahmudova bildirir ki, Hacıbaba Bağırov heç kimin paxıllığını çəkməyib:
“Hacıbaba Bağırov özünə, sənətinə o qədər arxayın idi ki, heç vaxt fikirləşmirdi ki, kimsə qabağa gedər, mən itib-bataram yaxud da görünmərəm. Bu sahədəki bütün direktor və aktyorlar Hacıbaba Bağırovdan nümunə götürməlidir. Onun kimi zəiflərə kömək etsinlər, ürəyiaçıq olsunlar. Mən özüm də Hacıbaba Bağırovdan nümunə götürürəm. O mənim ustadımdır. Mən də onun kimi heç kimin paxıllığını çəkmirəm. Hacıbaba Bağırovdan sənətkarlıqla yanaşı insanlıq da öyrəndim”.










