Ermənistanda kritik parlament seçkilərinə cəmi iki gün qaldı. Sabah ölkədə “sükut günü” hesab edilir. Sözsüz ki, seçkilərin nəticələri təkcə qonşu ölkəyə deyil, ümumən regiona öz mühüm təsirini göstərəcək. Çünki bu sıradan bir siyasi hadisə, adi səsvermə olmayacaq. Məlum səbəblərdən prosesi təbii ki, Rusiya və Qərb (ABŞ və Avropa Birliyi) diqqətlə izləyir. Xüsusən də Moskva üçün qarşıdakı seçkilər sanki “olum-ölüm” məsələsinə çevrilib. O dərəcədə ki, hətta XİN sözçüsü Mariya Zaxarova təhdid formasında belə bir çağırış edib ki, iyunun 7-də “ermənilər Ermənistanı xilas etməlidir”.
Aydındır ki, “Maşa” nəyə işarə vurur. Ancaq belə fikir də var ki, Baş nazir Nikol Paşinyanın rəqiblərinin əsas hədəfi ölkənin xarici siyasət kursunu dəyişmək yox, sadəcə, hakimiyyəti dəyişməkdir. 7 iyun seçkilərinə iki gün qalmış siyasi qüvvələr və blokların şansı necə görünür? Parlamentə hakim partiyadan başqa daha hansı qüvvələrin baryeri aşıb parlamentə düşmək şansları var? Hansı siyasi qüvvə və onun lideri daha parlaq seçki kampaniyası apardı?
Qeyd edək ki, 7 iyun parlament seçkilərində iştirak edən 19 siyasi qüvvənin parlamentə düşməsi və hökumət formalaşdırması üçün müəyyən edilmiş baryerlər Seçki Məcəlləsində son dəyişikliklərlə yenilənib. Seçkidə təkbaşına iştirak edən partiyalar üçün 4%, 2 və ya 3 partiyadan ibarət bloklar üçün 8%, 4 və daha çox partiyadan ibarət bloklar üçün 10%-lik baryeri aşmaq tələb olunur.
Seçki ekspertlərinin proqnozlarına görə, Ermənistanda keçirilən son rəy sorğuları və izlənilən seçki kampaniyası bu baryerləri 19 siyasi qüvvədən 4-ü və ya 5-nin keçə biləcəyini göstərir. Bununla yanaşı, qanun parlamentdə minimum üç siyasi qüvvənin təmsil olunmasını tələb edir. Əgər baryeri keçən qüvvələrin sayı üçdən az olarsa, ən çox səs toplamış ilk üç siyasi qüvvə parlamentdə təmsil olunur. Bu qayda 2021-ci il seçkilərində də tətbiq edilmişdi. 7 iyun seçkilərində Ermənistan parlamentinə Nikol Paşinyanın liderlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası, milyarder Samvel Karapetyanın liderlik etdiyi “Güclü Ermənistan” Alyansı, Robert Köçəryanın rəhbəri olduğu “Ermənistan” bloku və milyarder Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə düşməsi ehtimalı daha yüksəkdir.
Müşahidələrə görə, seçki kampaniyasında da daha çox bu qüvvələr aktivlik göstəriblər. Ən parlaq seçki kampaniyasını isə Nikol Paşinyan həyata keçirib. Ermənistan parlamentli respublikadır və hökumət parlament çoxluğu əsasında qurulur. Adi qaydada hökumət qurmaq üçün parlament mandatlarının 50%-dən çoxu lazımdır. Əgər heç bir siyasi qüvvə bu baryeri aşa bilməsə, parlamentə düşən başqa siyasi qüvvə ilə koalision hökumət qurmaq hüququna malikdir. Müəyyən müddətdə hökumət qurula bilməzsə və parlamentdə sabit çoxluq formalaşmazsa, qanun ikinci tur mexanizminin tətbiqinə imkan verir. Bu halda ən güclü siyasi qüvvələr arasında əlavə seçki mərhələsi keçirilir. Rəy sorğularına görə bu gün üçün Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası seçkidə ən yüksək səs toplamaq və hökuməti formalaşdırmaq imkanına malikdir.
Musavat.com









