Rüşvət almada təqsirləndirilən Cəlilabad şəhər bələdiyyəsinin sabiq sədri Mehdi Kərimov, eks-baş memar Sahil Qənbərlinin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: M.Kərimov və S.Qənbərli Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. Onların əlbir olaraq Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan ümumilikdə 44 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübələr müəyyən edilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Qənbərli 8 il və M.Kərimov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.









