Bildiyimiz kimi son zamanlar məktəblərdə baş verən xoşagəlməz hallar geniş müzakirələrə səbəb olub. Bu problemlər isə yenidən psixoloq məsələsini gündəmə gətirir. Əlavə olaraq müəllimin də psixoloq kimi təsir göstərməli olduğu vurğulanır.
Bu aspetdən ekspertlərdən birinin təklifi var ki, müəllimlərin işə qəbul imtahanından sonra onlara psixoloji hazırlıq kursları da təşkil olunmalıdır.
Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Redaktor.az-a açıqlamasında qeyd etdi ki, məktəblərdə son zamanlar baş verən neqativ hallar psixoloqların təhsil müəssisələrində şagirdlərlə düzgün işləməsini tələb edir:
"Bölgələrdə ümumiyyətlə psixoloq çatışmazlığı var və yaxud da psixoloq vəzifəsini konkret başqa ixtisas sahibi icra edir. Bu da təbii ki, ciddi problemdir. Bizim elə məktəblərimiz var ki, orada şagird sayı kifayət qədər çoxdur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, şagird sayı 500 olduqda bir psixoloq fəaliyyət göstərməlidirsə, şagird sayı 1000-ə qədər olduqda iki psixoloq çalışmalıdırsa, bizim elə təhsil müəssisələrimiz var ki, orada şagird sayı 4000-5000 nəfərdir, amma iki psixoloq ya var, ya yoxdur".
Həmsöhbətimiz vurğuladı ki, psixoloq çatışmazlığının səbəbi birinci növbədə əməkhaqqı məsələsidir:
"Aşağı əməkhaqqına görə psixoloqlar təhsil müəssisələrində işləməkdən imtina edirlər. İkinci növbədə isə psixoloqları şagird sayına uyğun təyin etmək lazımdır.
Müəllimlərin psixoloji təlimlərə cəlb olunması — düşünmürəm ki, hansısa situasiyada müəllimlərə daha çox dəstək olsun. Çünki müəllimlər onsuz da pedaqoji ixtisaslarını bitirərkən, təhsil alarkən psixologiya dərsi keçirlər. Onlar uşaq psixologiyasını da öyrənirlər. Onları əlavə hansısa psixoloji treninqlərə və təlimlərə cəlb etmək əlavə vaxt itkisi deməkdir. Yəni müəllim durub psixoloqun işini görməməlidir. Düzdür, müəyyən söhbətlər aparılmalıdır. Biz işi icra edən tərəfi kənarda qoyub pedaqoji heyətin üzərinə düşmüşük. Xeyr, bu doğru deyil. İşi icra edən tərəf psixoloqlardır. Psixoloqlarla işi düzgün qurmaq lazımdır. Psixoloqu necə gətirək təhsil müəssisəsinə? Təbii ki, yaxşı əməkhaqqı verməklə, məktəblərdə psixoloq sayını artırmaqla. Yalnız ümumi baş verən halların qarşısını almaq üçün bu tədbirlər görülməlidir".









