ABŞ-nin Hörmüz boğazında həyata keçirdiyi “Project Freedom” ("Azadlıq layihəsi") əməliyyatı regionda gəmiçiliyin bərpasına imkan verməyə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Sky News" telekanalı Verisk Maplecroft şirkətinin ekspertinə istinadla məlumat yayıb.
Məlumata görə, şirkətin Yaxın Şərq üzrə baş analitiki Torbyörn Soltvedt gəmiçilik və sığorta şirkətlərinə vəziyyəti izləməyi və tələsməməyi tövsiyə edib. Onun sözlərinə görə, bu təşəbbüs təkbaşına Hörmüz boğazında gəmiçiliyi bərpa etmək üçün kifayət deyil.
Bildirilib ki, Almaniyanın Hapag-Lloyd konteyner operatoru da hazırda boğazdan keçidin mümkün olmadığını etiraf edib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp əməliyyatın əsas məqsədinin təhlükəsiz şəkildə gəmilərin Hörmüz boğazından çıxarılması olduğunu açıqlamışdı.
Eyni zamanda, Beynəlxalq Dəniz Təşkilatı nümayəndələri hərbi müşayiətin uzunmüddətli həll yolu olmadığını vurğulayıblar.









