“Niyə bizim idmançılar Dağıstan və Gürcüstan kimi ola bilmir? Çünki maddi dəstək yoxdur. Təsəvvür edin, mənim hələ də sponsorum yoxdur.
Gununsesi.info bildirir ki, bu fikirləri Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev deyib:
“Menecerlərə pul ayırmaq istəmirlər. Zallarımız azdır, liqamız yoxdur. Müəllimlər zəifdir, çünki dəftər qələm götürüb xaricə getmirlər. Xaricə, təlim məşq toplantısına getmək üçün pul ayırılmır. Nəticədə hazırlıqsız, fokusu olmayan gənclərimizi, qurbanlıq qoyun kimi göndərirlər güclü təşkilatlara, uduzdururlar. Sonra da qonşular deyir ki Azərbaycanlılar döyüşə bilmir, onların yeri bazardır. Üstəlik birlik yoxdur, mehribançılıq yoxdur. Hətta idmançı klublarımız bir birinə paxıllıq edir. Kiminsə qabağa getməyini həzm edə bilmirlər. Özümdən demirəm, bunları mən yaşamışam. Amerikada gördümdə, həm taktiki, texniki, fiziki hazırlıqlı idmançılardır. İş kimi baxırlar. Əsl peşəkardılar. Bizim idmançılara şərait yaradılmır. Papaq altında elə istedadlı, namuslu, qeyrətli idmançılarımız var. Aqressiv danışacam. Açın qulaqlarınızı eşidin, idmançıya material kimi baxmaq olmaz. Millətimizdə də birlik yoxdur. Dünənə gədər bəzi ağzı göyçəklər ağzına gələni mənə yazırdılar. Döyüşü uddum, indi “fəxrimiz” yazırlar. Neçə neçə idmançımızı mental olaraq sındırmısız. Ancaq soruşurlar nə gədər pul qazandın. Soruşan yoxdur ki, Tofiqin ayağı, əli, hər yeri sınıb. Aylarla ailəsindən uzaq qalır, istədiyini yeyə bilmir, içə bilmir. Vallah Bahamondesi mən məğlub etdim, indi bütün Çili azarkeşləri səhifəmi doldurublar, şərhlər yazırlar. Görün necə idmançılarına dəyər verirlər, sahib çıxırlar, sevirlər, müdafiə edirlər. Sanki mən məğlub olmuşam. Girin baxın xarici idmançıların, qonşu idmançıların səhifələrinə. Məğlub olsalar belə, bircə olsun mənfi şərh yoxdur. Təəssüf ki, bizim millət mənəvi dəstək və motivasiya verməyi bacarmır. Olimpiya çempionumuz dünən qalib gəlirdi, olurdu yaxşı oğlan. Məğlub oldu, altına mənfi şərhləri dolduracaqlar. İdmançıdır, açır baxır pis olur. Anlamırsız bunu? MMA inkişaf edir, biz dayanmışıq”.
O Azərbaycanda liqa yaradacağını da bildirib:
“Bu işin üstünə düşmüşəm. Yalnız hazırlıqlı, bişmiş idmançıları xarici təşkilatlara göndərmək lazımdır. Bilirəm də, düzün danışana düşmən kimi baxırlar. İndi deyəcəklər Tofiq bir döyüş udub, aləmi qatıb bir birinə. Qardaş bu reallıqdır”.








