Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 79 921 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata alıb.
Dövlət Xidməti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,75 % azdır. 3 ay ərzində qeydiyyata alınmış mülkiyyət hüququnun 14 256-sı və yaxud 17,8 %-i ilkin, 65 665-i və yaxud 82,2 %-i isə təkrar qeydiyyatın payına düşüb.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 17 029, mənzil üzərində 19 063, torpaq sahəsi üzərində 40 894, qeyri-yaşayış binası üzərində 753, qeyri-yaşayış sahəsi üzərində 2 029, əmlak kompleksi üzərində 125 və çoxmərtəbəli yaşayış binaları üzərində 28 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Yeni mülkiyyət hüquqlarının 20 540-ı Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.
Qeyd edək ki, hazırda ölkədə, o cümlədən paytaxtda sənədsiz evlərin sayı kifayət qədərdir. Bir neçə il öncə tikilən həmin evlərin bir qisminə müvafiq qurumlardan sənəd alınmasına, kommunal xətlərdən yararlanmasına baxmayaraq, hələ də sakinlər evlərinə "kupça" ala bilmirlər.
Son illər həmin evlərin çıxarışla təmin ediləcəyi bildirilsə də, bu proses hələ reallaşmır. Hazırda isə bu istiqamətdə statistik rəqəmlərdə, əksinə, azalma müşahidə edilir. Niyə vətəndaşlar öz daşınmaz əmlakına çıxarış ala bilmir?
Məsələ ilə bağlı daşınmaz əmlak eksperti Anar Nəsirov "Cebheinfo.az"-a bildirib ki, müvafiq fərmanla 2000-ci ilə qədər tikilmiş və sənədi olan evlərə çıxarışın verilməsi bir qədər asanlaşdı və bu nöqteyi-nəzərdən 2025-ci ildə çıxarış üçün müraciət edənlərin sayında artım oldu:
"2026-cı ildə azalmanın səbəbinə gəldikdə isə çıxarış üçün uyğun sənədlər az olduğu üçün bu, müraciət edənlərin sayında özünü göstərib. Əgər qaydalar yumşaldılmasa və yaxud çıxarışın verilməsi ilə bağlı hər hansı bir əfv olmazsa, çıxarış üçün nüraciət edənlərin sayında yenə də azalma müşahidə ediləcək.
Çünki Azərbaycanda, xüsusilə də Bakı və Bakıətrafı qəsəbələrdə 500 mindən çox sənədsiz ev var. Bu sənədsiz evlərin də çox hissəsi bələdiyyə və icra hakimiyyətləri tərəfindən verilmiş torpaqlar üzərində tikilmiş evlər hesab edilir.
Onu da qeyd edim ki, 2007-ci ilə qədər bələdiyyələrin burada rolu olsa da, həmin ildən sonra da onlar torpaq sahələri ayırmaqda davam ediblər. 2007-ci ildən sonrakı illərdə isə torpaq hərrac yolu ilə çıxarışlı şəkildə vətəndaşa satılmalıdır.
Buna baxmayaraq, bələdiyyələr buna riayət etməyib və həmin dövrdən sonra da bələdiyyə sənədləri verməkdə davam edib. Digər tərəfdən isə bəzi yerlərdə heç bir sənədi olmadan ancaq kommunal xəttlər çəkilməklə evlər tikilib.
Bunların da heç bir sənədi olmadığı üçün çıxarışa uyğun hesab edilmir. Yəni çıxarış üçün hüquqi zəmin yaratmır. Kimin çıxarışa uyğun sənədi var idisə, onlar artıq alıblar".
Ekspertin sözlərinə görə, hazırkı 500 min ev ya bələdiyyə sənədli, ya da tam sənədi olmayan evlərdir:
"Gözlənilir ki, bu ilin sonuna və yaxud gələn ilin əvvəlinə bu evlər hər hansı fərmanla əfv edilsin və onların çıxarışla təmin edilməsi üçün xüsusi mexanizm hazırlansın.
Həmin 500 min evin də hamısı çıxarışa yararlı deyil. Burada da xüsusi meyarlar var. Qadağan olunmuş ərazilərdə, dəmir yolu xətlərinin mühafizə zolağında, zəlzələ, sürüşmə, neft kəmərlərinin kənarında və s. tikilməyən evlər çıxarışla təmin ediləcək.
Ancaq qadağan olunmuş ərazilərdə tikilmiş evlərin taleyi ilə bağlı məlumat yoxdur. Digər tərəfdən isə torpağın kateqoriya məsələsi var. Yəni müvafiq qərarla indi bu kateqoriyalar dəyişdirilə bilir.
Bu evlərin bir qismi əkin sahələrində verilmiş torpaqlar və yaxud otlaq, kənd təsərrüfatı kimi kateqoriyalarda tikilmiş evlərdir. Əgər həmin ərazi əkin üçün yararsız hesab edilərsə və yaxud orada məskunlaşma çox olarsa, orada vətəndaşa güzəşt edilərək həmin evin tikildiyi yerin kateqoriyası dəyişdirilərək yaşayış məntəqəsi, torpaqları hesab ediləcək, çıxarışla təmin ediləcək.
Kolxoz, sovxoz dövründə onlara aid olan torpaq sahələrində vətəndaşlar ev tikdikləri üçün bu torpaqlardan bir qismi otlaq, əkin sahələri kimi kateqoryalarda olduğu üçün indiyədək özəlləşdirmək üçün hüquqi baza yox idi.
Ancaq indi müvafiq qərarla yerində baxış keçiriləcək, kateqoriyası dəyişdirilərək, çıxarış veriləcək. Yəni 2026-cı ildə çıxarış alanların sayının azlığı ondan qaynaqlanır ki, çıxarışa yararlı sənəd demək olar ki, qalmayıb. Qalan torpaqlar çıxarışa yararsızdır".








