“Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanın son apelyasiyasını rədd edərək, ölkə hökumətini bir daha erməni dustaqların saxlanma şəraiti və sağlamlığı haqda məlumat verməyi tələb edib”.
Bu barədə erməni mediası İrəvandakı Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzin istinadla yazıb. Həmçinin, iddia olunur ki, AİHM Azərbaycana bu il avqustun 31-i tarixinədək Bakıdakı erməni məhbuslara verilən hökmlərin surətlərini təqdim etməyi tapşırıb: “Bura hakimlərin çıxardığı hökmləri əsaslandıran dəlil-sübutlar da daxil edilməlidir”.
“Hesabatda bildirilir ki, Azərbaycan vaxtaşırı AİHM-dən məhkəmənin müvəqqəti qərarını ləğv etməyi xahiş edir. Bu qərara əsasən, Bakı Azərbaycanda saxlanılan erməni məhbuslar, o cümlədən onların saxlanma şəraiti və sağlamlıq vəziyyəti barədə vaxtaşırı məlumat təqdim edir. Bakı bütün proseslərin açıq və şəffaf olduğunu bildirir”, - məlumatda vurğulanır. Yada salaq ki, Azərbaycan AŞ PA-da səs hüququ dondurulduğu üçün AİHM hakimlərinin seçilməsində iştirak etməyib və o səbəbə qurumun ölkəmizlə bağlı qərarlarını legitim saymır. Odur ki, sual yaranır: rəsmi Bakı erməni canilərə çıxarılmış hökmlərin surətlərini, hələ üstəlik, dəlil-sübutlarla AİHM-ə təqdim edəcəkmi? Etməlidirmi?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a bildirib ki, erməni məhbusların məhkəməsi şəffaf keçirilib və beynəlxalq ictimaiyyətdən gizli proses olmayıb: "Sadəcə, bəzi dövlətlərin və qüvvələrin mövqeyini əvvəldən bilirdik. Sadəcə, bu mərkəzlər məhkəmə prosesi ilə bağlı hüquqi yox, siyasi çalarlar axtarmağa çalışır. Çünki söhbət hüquqi prosedurlardan getmir. Sadəcə, Avropa Şurası Parlament Assambeleyası nümayəndə heyətimizin səsvermə hüququnu əlindən aldıqdan sonra qurumdakı fəaliyyətimiz dayandırılıb və onunla bağlı bəzi təsisatlarla da münasibətlər kəsilib. Bu da Frank Şvabe kimi ermənipərəst deputatların "xidməti"nin nəticəsidir. Halbuki Azərbaycan bütün tərəflərdən bərabərhüquqlu yanaşmağı tələb edir. Eyni zamanda, Avropa Şurası Parlament Assambeleyası və Avropa İnsan Hüquqları Məhkəməsi ilə əməkdaşlıq dayansa da, Azərbaycan-Avropa Komissiyası əməkdaşlığı davam edir".
Hüquqşünas bildirib ki, Araik Aryutunyanın və digərlərinin işi üzrə hər bir sübut məhkəmədə təqdim olunub: "Onların saxlanma şəraitinə gəlincə, vəkilləri ilə görüşürlər, özlərinin məktublarında da hər hansı narazılıq bildirməyiblər. Sadəcə, AŞ PA-da anti-Azərbaycan qruplar bu yolla ölkəmizdə insan hüquqlarının pozulduğu haqda saxta rəy yaratmaq istəyirlər. Yəni qərəzlilik var və bizim Avropa Məhkəməsinə məlumat verməyimiz nəyisə dəyişməyəcək. Çünki bu qüvvələrin məqsədi Azərbaycanı gözdən salmaqdır, nəinki erməni məhbuslar barədə məlumat əldə etmək. Ona görə də məsələnin hüquqi deyil, siyasi çalar daşıdığını demək istəyirəm".
Musavat.com









