“Biz KTMT-dəki fəaliyyətimizi aktivləşdirməyi planlaşdırmırıq. Mənə məlumdur ki, təşkilat daxilində Ermənistanın xaric edilməsi ilə bağlı müzakirələr aparılır. Əgər KTMT Ermənistanı öz sırasından çıxarmaq barədə qərar qəbul edərsə, mən buna çox şad olaram. Hər halda bu addım bizi “təşkilatdan çıxmaq, yoxsa qalmaq” dilemmasından tamamilə azad edər”.
Bu bəyanatı Ermənistan baş naziri Nikol Paşinyan avqustun 24-də parlamentin iclasında çıxışı zamanı səsləndirib.
Paşinyanın bəyanatına Kremldən dərhal reaksiya gəlib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan KTMT-də üzvlüyə artıq ehtiyac duymadığını düşünürsə, təşkilatı tərk etmək qərarını qəbul etməkdə sərbəstdir.
Bəs bu bəyanat Paşinyanın KTMT ilə məsələyə birdəfəlik nöqtə qoyması hesab edilə bilərmi?
Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, sözügedən bəyanat Ermənistanın KTMT ilə münasibətlərində praktiki olaraq dönüş nöqtəsi sayıla bilər:
“Burada Paşinyanın seçdiyi formul xüsusilə diqqətçəkəndir. Ermənistan özü çıxmaq əvəzinə, KTMT-nin onu xaric etməsini arzuladığını açıq şəkildə bildirir.
Son aylarda Paşinyan artıq eyni xətti bir neçə dəfə nümayiş etdirib. İyunda o, Ermənistanın KTMT ilə bağlı siyasətini dəyişmək niyyətində olmadığını və üzvlükdən çıxarılmaq ehtimalının onu narahat etmədiyini bildirmişdi. Bugünkü bəyanat Paşinyanın KTMT-yə siyasi baxımdan birdəfəlik nöqtə qoymasıdır, hüquqi baxımdan isə nöqtə qoyulmasını KTMT-nin üzərinə yükləməkdir.
Ermənistanın KTMT-də iştirakı faktiki olaraq dondurulub. İrəvan təşkilatın tədbirlərinə qatılmır, maliyyə öhdəliklərini yerinə yetirmir və artıq kollektiv təhlükəsizlik mexanizminə siyasi etimad göstərmir. Moskva isə bununla razılaşmasa da, məsələni getdikcə daha açıq şəkildə təşkilatın nizamnaməsi çərçivəsində müzakirəyə çıxarır. Paşinyan artıq “KTMT-dən çıxaq, ya çıxmayaq” dilemmasını öz gündəmindən çıxarmağa çalışır. Onun strategiyasına görə, Ermənistan KTMT-də fəal iştirak etmir, üzvlük haqqı ödəmir, təşkilat özü bununla bağlı tədbir görür, Ermənistan xaric edilərsə, məsuliyyəti də özü daşımır. Bu, Paşinyan üçün həm daxili siyasi, həm də Moskva ilə münasibətlər baxımından daha rahat formuladır”.
Ekspertə görə, Peskovun Paşinyana cavabı Rusiyanın Ermənistanı KTMT-dən xaric etmək niyyətində olmadığını gösətərir: “Belə görünür ki, tərəflər son qərarın verilməsini bir-birinin üzərinə atırlar. Burada maraqlı paradoks yaranır. Paşinyan Ermənistanın xaric edilməsini istəyir, Moskva isə hələlik əvvəlcə Ermənistanı intizama gətirən mexanizmlərdən istifadə etməyə çalışır.
Yəni, Moskvanın qarşısında iki seçim var: ya Ermənistanı KTMT-dən xaric etmək, ya da Ermənistanın üzvlüyünü formal saxlayaraq onun səsvermə hüququnu və digər imkanlarını məhdudlaşdırmaq. İkinci variant Rusiya üçün daha sərfəli görünə bilər. Çünki Ermənistanın KTMT-də qalması Rusiyaya formal təsir rıçağı verir. Ermənistan tamamilə xaric edilərsə, Moskva ilə İrəvan arasındakı təhlükəsizlik münasibətlərində daha bir institusional bağ qopacaq. Halbuki Rusiya hazırda Ermənistanla münasibətlərinin bütün sahələrini birdən-birə itirmək istəmir”.
Musavat.com









