Ermənistan və Rusiya arasındakı münasibətlər kəskinləşdikcə, Moskvanın İrəvanın üzünə açdığı “iqtisadi qapılar” bağlanır. Paşinyan hökuməti isə Rusiyanı əvəzləyəcək alternativ geopolitik və iqtisadi aktyor kimi Avropa İttifaqına bel bağlayır.
Baş nazir Nikol Paşinyan yaxın gələcəkdə Avropa İttifaqına üzvlük üçün müraciət prosesinə başlamaq niyyətində olduğunu açıqlayıb. Paşinyan, buna görə referendum keçirməyi də istisna etməyib. Qeyd edək ki, Rusiyanın Ermənistan məhsullarının idxalına qoyduğu qadağalardan sonra, Avropa İttifaqı İrəvanın kənd təsərrüfatı sektoruna köməklik göstərəcəyini bəyan edib. Aİ-nin maliyyə və iqtisadi yardımına möhtac olan bir ölkənin Avropa standartlarına cavab verərək, ittifaqa tamhüquqlu üzv seçilməsi nə dərəcədə reallığı əks etdirir?
Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, Ermənistanın Aİ-yə inteqrasiya yolu ziddiyyətli və keşməkeşlidir:
“Ermənistan Aİ-yə üzv olmaq ən azı Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Digər tərəfdən isə Avropa İttifaqına daxil olmaq üçün namizədlik statusu əldə etməlidir. Çünki Avropa Komissiyasının rəyi əsasında Aİ Şurası (bütün üzv ölkələrin yekdil razılığı ilə) həmin ölkəyə "namizəd ölkə" statusu verir. Ardınca isə 35 fəsil üzrə qanunvericiliyin Aİ standartlarına tam uyğunlaşdırılmasını əhatə edən uzunmüddətli danışıqlar mərhələsi başlayır. Aİ ölkələrinin heç də hər birinin Ermənistana qucaq açacağını düşünmürəm. Təsəvvür edin ki, Gürcüstan və Ukraynanın qarşısına Aİ standartlarına uyğunlaşmaq üçün iki tona yaxın sənəddən ibarət “ev tapşırığı” qoyulmuşdu. Avropa İttifaqı rəsmiləri bu tapşırıqların icrasını yerində yoxlamaq üçün dəfələrlə inspeksiyalar keçirdilər. Bunlara baxmayaraq, hər iki ölkə tələbləri hələ də tam ödəyə bilmədiyi üçün Aİ qapıları önündə gözləyir. Belə bir reallıqda? Ermənistanın qısa müddətdə Avropa İttifaqına inteqrasiya olunacağını iddia etmək tamamilə absurddur. Paşinyan hökuməti siyasi bəyanatlardan daha çox iqtisadi meyarları rəhbər tutmalıdır”.
Politoloqun sözlərinə görə, Ermənistan Avropa bazarı vasitəsilə Rusiyadan iqtisadi asılılığı kompensasiya etmək gücündə deyil:
“Əgər Ermənistan Avropa bazarına çıxmaq istəyirsə, ən azı Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır ki, logistik xərcləri minimuma endirə bilsin. Diqqət yetirin: Ermənistan dörd bir tərəfdən Aİ üvzü olmayan dövlətlərlə əhatələnib. Yeganə çıxış qapısı sayılan Gürcüstanın özü də bu gün Brüssel ilə gərgin münasibətlər içindədir. Yəni istəklərlə acı reallıqlar arasında böyük uçurum var. Aİ-yə üzv olmaq üçün Ermənistanda mütləq referendum keçirilməli, xalqın birbaşa mövqeyi öyrənilməlidir. Ermənistan cəmiyyətinin bir kəsimi Avropaya meyilli olsa da, böyük qismi hələ də Rusiya yönümlü mövqeyini saxlayır. Onların əksəriyyətinin Rusiyada qohumluq əlaqələri, biznes şəbəkəsi və ticarət maraqları var. Bu amil cəmiyyətdə Avropaya inteqrasiya prosesinin birmənalı qarşılanmadığını göstərir”.
İ.Vəlizadə onu da qeyd edib ki, Ermənistan xalqının ən böyük bəlası taleyüklü seçki proseslərində nümayiş etdirdiyi kütləvi passivlikdir:
“Referendum mahiyyətcə seçki prosesidir. Parlament seçkilərində də Paşinyanı dəstəkləməyən seçicilərin sayı kifayət qədər çox idi. Lakin həmin kəsim passivlik nümayiş etdirərək səsverməyə qatılmadı. Nəticədə bu passivlik elə Paşinyanın xeyrinə işlədi. Aİ-yə inteqrasiya üçün keçiriləcək referendumda da oxşar senari təkrarlana bilər. Ruspərəst təbəqənin seçkiyə gəlməməsi Baş nazirə imkan verəcək ki, istədiyi nəticəni əldə etsin. Əgər son seçki nəticələrini ölkə əhalisinin ümumi sayına nisbətdə təhlil etsək, görərik ki, əslində Paşinyana səs verənlərin mütləq sayı o qədər də yüksək deyil. Sadəcə, sandıq başına gedən fəal seçicilərin böyük əksəriyyəti ona səs verdiyi üçün bu qələbə təmin olundu”.









