Xəbər verdiyimiz kimi, son günlər Saray qəsəbəsində 1 nömrəli məktəbdə müəllim şagirdi döyüb. Bakıda isə bir müəllim şagirdin başına saqqız yapışdırıb, daha sonra saçını qırxıb.
Qeyd edək ki, Azərbaycanda qüvvəyə minən yeni qanuna əsasən uşaqlara psixoloji, fiziki xəsarət yetirənlər 200 manat cərimələnəcək.
Ümumiyyətlə, belə müəllimlərə cərimə kifayətdirmi? Onlar məktəbdən uzaqlaşdırılmalıdırmı?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, şagirdlərin, ümumiyyətlə uşaqların hər hansı zorakılığa, şiddətə, mobbinqə və ya bullinqə məruz qalması doğru yanaşma deyil:
"Ola bilər ki, hansısa şagird davranış qaydalarını o həddə qədər pozub ki, qarşı tərəf artıq əsəblərini cilovlaya bilməyib. Lakin pedaqoq maksimum səbir nümayiş etdirməyi bacarmalıdır. Bu kimi hallarda problemi şiddət göstərməklə deyil, etik prinsiplər çərçivəsində həll etmək daha məqsədəuyğundur. Hazırda baş verən hadisələr, əlbəttə ki, həmin şəxslərin məsuliyyətə cəlb olunması ilə nəticələnə bilər. Ola bilsin ki, etik davranış qaydalarının pozulması əsas götürülərək onlarla bağlanmış əmək müqavilələrinə də xitam verilsin. Ümumiyyətlə, şiddət məsələsi, qeyd etdiyim kimi, yolverilməzdir. Qaldı ki, bəzi şagirdlər müəllimi, yəni onlara təhsil verən şəxsi nə üçün belə vəziyyətə gətirirlər, nə üçün onların sinir sisteminə mənfi təsir göstərirlər, buna artıq psixoloji aspektdən yanaşmaq lazımdır. Burada ailə amili də mühüm rol oynayır. Belə hallarda yaxşı olar ki, məktəb rəhbərliyi həmin şagirdin valideynlərini dəvət etsin və onlarla profilaktik söhbətlər aparsın. Müəllim isə maksimum səbir göstərməlidir. Şagird onu nə qədər hiddətləndirsə belə, bacardığı qədər auditoriyada ona qarşı hər hansı sərt davranış nümayiş etdirməməlidir. Daha doğru yol valideyni məktəbə dəvət edib məsələni onunla müzakirə etməkdir. Düşünürəm ki, baş vermiş belə situasiyalarda ən düzgün yanaşma məhz budur".









