Su ehtiyatlarının qorunması və səmərəli idarə olunması müasir dövrdə dünyanın bir çox ölkəsi üçün strateji məsələlərdən birinə çevrilib.
Bakıda keçirilən “Müasir Kənd Təsərrüfatı Əməkdaşlığı Davamlı İnkişafın Təməli və Ərzaq Təhlükəsizliyinin Qarantı Kimi” adlı konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun səsləndirdiyi “Azərbaycan su qıtlığı problemi yaşamır” fikri diqqət çəkib.
Nazir bildirib ki, ölkədə su çatışmazlığı problemi yoxdur, məsələ daha çox su ehtiyatlarının düzgün idarə olunmaması ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan su ehtiyatlarının 70 faizini xaricdən alsa da, mövcud vəziyyət birbaşa su qıtlığı kimi qiymətləndirilməməlidir.
Lakin son illər ölkədə həm içməli, həm də kənd təsərrüfatında istifadə olunan su ilə bağlı problemlər daha qabarıq hiss olunur. Bir sıra bölgələrdə su anbarlarında səviyyənin azalması, çaylarda axının zəifləməsi, quraqlıq hallarının artması və suvarma çatışmazlığı artıq real problemlər kimi gündəmdədir. Məsələ təkcə idarəetmə ilə məhdudlaşmır, Azərbaycanın su ehtiyatlarının məhdudluğu da ciddi risk faktorudur.
Rəsmi məlumatlara görə, Azərbaycanın ümumi su ehtiyatları təxminən 31 kub kilometr təşkil edir. Bunun yalnız 10 kub kilometri ölkə daxilində formalaşır, qalan hissə isə Gürcüstan, Ermənistan, Türkiyə və Rusiya ərazilərindən gələn transsərhəd çayların payına düşür.
Bu isə ölkənin su təhlükəsizliyini xarici mənbələrdən ciddi şəkildə asılı vəziyyətə salır. Region üzrə ümumi su ehtiyatlarının cəmi 15 faizinin Azərbaycanın payına düşməsi də vəziyyətin nə qədər həssas olduğunu göstərir.
Əgər su qıtlığı yoxdursa, bəzi bölgələrdə suvarma və içməli su problemləri niyə yaranır?
Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirib ki, Azərbaycanda əsas problem su qıtlığı yox, su israfçılığıdır:
“Azərbaycan hazırda su qıtlığı yaşayan ölkələr siyahısında deyil. Biz Qarabağı azad etdikdən sonra su böhranı yaşayacaq ölkələr sırasında yerimiz dəyişdi, daha yaxşı mövqedə möhkəmləndik. Həqiqətən də bu gün ölkədə ciddi su qıtlığı yoxdur.
Ayrı-ayrı regionlarda, Aran bölgəsində müəyyən ərazilərdə, eləcə də Şamaxıda içməli su problemini çıxmaq şərtilə, Azərbaycanın ciddi su problemi yoxdur.
Problem əslində sudan istifadə mədəniyyəti ilə bağlıdır. İstər dövlət qurumlarında, istərsə də, əhali arasında su israfçılığı var. Sudan düzgün istifadə edilmir.
Bakı və Sumqayıt şəhərlərində evlərə içməli su daşıyan borular bərbad vəziyyətdədir. Bu səbəbdən, təxminən 50 faizə yaxın su itkisi baş verir. Sistem düzgün qurulmadığı üçün su israfçılığı yaranır”.
Onun sözlərinə görə, yağış sularından istifadə edilmir, suvarma sahəsində problemlər qalır:
“Keçirilən iclaslarda fermerlərə daha keyfiyyətli və ucuz suvarma sistemləri məsələsi qaldırıla bilərdi. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə addım atsaydı, daha yaxşı olardı.
Çünki əsas problemlərdən biri suvarma sistemidir. Hazırda daha çox selləmə üsulu ilə suvarmadan istifadə olunur və bu zaman ciddi su itkisi baş verir. Halbuki damcı üsulu ilə suvarma sistemi mövcuddur.
Kənd Təsərrüfatı Nazirliyi, Nazirlər Kabineti və dövlət dəstəyi ilə ucuz maliyyətli damcı suvarma sistemlərinin qurulmasına köməklik göstərilsəydi, su israfçılığı xeyli azalardı.
Qarabağ və Şirvan kanalları sovet dövründən qalan kanallardır və bu kanallarda su itkisi çoxdur. Su həm buxarlanma, həm də torpağa hopma nəticəsində itir. Bu isə qrunt sularının artmasına və torpaqların şoranlaşmasına səbəb olur.
Bu səbəbdən kanalların yenilənməsi məsələsinin də konfranslarda qaldırılması faydalı olardı. Suvarma mədəniyyəti və ümumilikdə sudan istifadə qaydaları insanlara daha geniş izah edilməlidir. Bununla belə, Azərbaycan hazırda su qıtlığı yaşayan ölkə hesab olunmur və su qıtlığı yaşayan ölkələrin siyahısında Azərbaycanın adı yoxdur”.
O qeyd edib ki, Aran bölgəsində drenaj sistemləri, qrunt sularının axdığı ərazilər və kanallar mövcuddur:
“Vaxtilə böyük layihələr və kreditlər hesabına bu sistemlər qurulub. Həmin qrunt sularını təmizləyərək kənd təsərrüfatında və təsərrüfat suyundan istifadə etmək mümkündür.
Amma bu imkanlardan tam istifadə edilmir və nəticədə israfçılığa yol verilir. Bu mənada əsas problemlərdən biri su mədəniyyətidir. Ümumiyyətlə, bir çox sahədə mədəniyyət problemi ciddi çətinliklər yaradır”.









