Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “ANEWZ Investigations” xətti ilə yayımlanan The Oligarch’s Design sənədli filmi ətrafında yaranan rezonansın ciddi siyasi nəticələrə yol aça biləcəyini bildirib.
Musavat.com xəbər verir ki, Zülfüqarovun fikrincə, film Ruben Vardanyan və onun ətrafında formalaşmış maliyyə-siyasi şəbəkəni ifşa etməklə kifayətlənmir, eyni zamanda ABŞ daxilində gedən dərin siyasi mübarizənin bir hissəsinə çevrilə bilər. Onun sözlərinə görə, filmdə “Troyka” mexanizminin Rusiya maliyyə sistemində çirkli pulların yuyulmasındakı rolu açıq şəkildə göstərilir və bu xətt Tramp administrasiyasının rəqiblərinə qarşı apardığı mübarizədə genişləndirilə bilər
Sabiq nazir vurğulayıb ki, Vardanyanla əlaqəli korrupsiya sxemləri xüsusən ABŞ-da “dərin dövlət” adlandırılan çevrələrlə bağlar kontekstində gündəmə gələ bilər. Zülfüqarov bu sırada Hollivud və siyasi lobbi xəttini xüsusi qeyd edir: Corc Kluni və həyat yoldaşı Amal Kluni Trampa qarşı ideoloji cəbhənin “Hollivud istiqaməti” kimi dəyərləndirilir.
Onun diqqət çəkdiyi digər məqam isə “Rubenov Avrora” fondundan 1 milyon dollarlıq mükafat alan fiqurlardır. Bu siyahıda Çelsi Klinton və ABŞ-ın USAID strukturları ilə bağlılığı ilə tanınan Samanta Pauer kimi adların yer alması risk zonasını daha da genişləndirir.
Zülfüqarov ehtimal edir ki, yaxın dövrdə Nensi Pelosinin İrəvana qalmaqallı səfərinin də pərdəarxası detalları üzə çıxa bilər. Onun istinad etdiyi erməni mənbələrinə görə, bu səfər və Demokratların seçki kampaniyasına bağlı ödənişlər üçün Ermənistan büdcəsindən təxminən 140 milyon dollar xərclənib. Həmin vəsaitdən təqribən 10 milyon dolların isə “patriot Ruben” tərəfindən mənimsənildiyi iddia olunur.
Sabiq nazir xatırladır ki, Pelosi bundan əvvəl Tayvana səfəri ilə Çin–ABŞ münasibətlərində ciddi gərginlik yaratmışdı və bu səfərlərin maliyyə-siyasi tərəfləri də ayrıca araşdırma mövzusu ola bilər.
Zülfüqarov sonda proseslərin hələ yeni başladığını bildirərək ironik şəkildə qeyd edir: “Belə görünür ki, indi sadəcə popkorn tədarük edib davamını izləmək qalır”.
Qeyd edək ki, ANEWZ beynəlxalq xəbər və analitika kanalının yeni araşdırma platforması olan “ANEWZ Investigations” çərçivəsində hazırlanmış “The Oligarch’s Design” filmi qlobal miqyasda ciddi rezonans doğurub və Vardanyan şəbəkəsinin Qərb–Rusiya əlaqələri fonunda yenidən gündəmə daşınmasına səbəb olub.
Filmin Azərbaycan dilinə dublyaj olunan versiyaslnı təqdim edirik.









