
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda, mənbə bir neçə il bundan öncə Tovuz peşə liseyinin əsil Bank Olmayan Kredit Təşkilatı (BOKT) kimi fəaliyyət göstərdiyi barədə olduqca maraqlı açıqlamalr təqdim edir. Bir qədər dəqiq desək, məlumatda liseyin birdəfəlik tədris proqramlarını bağlayaraq bütünlüklə belə bir fəaliyyətə keçdiyi (hətta müvəqqəti olsa belə) iddia olunmur. Lakin 2006-2007-ci illər ərzində bu təhsil müəssisəsinin binasında paralel olaraq bir kredit təşkilatının da tam funksional fəaliyyət göstərdiyi təkzibolunmaz faktlarla isbatlanır. Bu məlumatın hadisələrdən bir neçə il keçdikdən sonra, yenidən gündəmə gətirilməsinin də kifayət qədər tutarlı əsasları var. Məsələ bundadır ki, bu yaxınlarda, daha dəqiq desək ötən ilin dekabr ayının son iş günlərində Tovuz peşə liseyinin direktoru Yeganə Əmrahova Təhsil Nazirliyinə çağırılıb. Nazirlikdə isə direktordan, bir müddət əvvəl liseydə olduqca şübhəli səbəblər əsasında həyata keçirdiyi kütləvi ixtisarlarla bağlı hesabat tələb olunub. Bu xüsusda mənbə həmçinin xəbər verir ki, nazirliyin Tovuz peşə liseyində baş vermiş “ixtisar qalmaqalına” diqqətinin cəlb olunmasında qəzetimizin səhifələrində ardıcıl dərc olunmuş materialların da xüsusi rolu olub. Beləliklə, Təhsil Nazirliyində Yeganə Əmrahova apardığı müəllim ixtisarlarını nə əsaslandıra bilib, nə də konkret şəxslərin işdan azad olunmalarına dair müvafiq hüquqi-inzibati sənədlər təqdim edə bilib. Hətta lisey üzrə kadrların təyinatı və işdən azad olunmalarına dair əmrlərin qeydiyyata alındığı kitab belə nazirliyə təqdim edilməyib. Mənbələr xəbər verir ki, məhz hal-hazırda liseydə bu kitabın tərtibatı həyata keçirilir. Bu kobud qanun pozuntuları TN tərəfindən Tovuz peşə liseyində müəyyən yoxlamaların aparılması zərurətini doğurub. Lakin Yeganə Əmrahovanın rəhbərlik etdiyi liseydə törətdiyi maxinasiyalar həm də zəncirvari bağlılıq xüsusiyyətinə malikdirlər. Buna görə də araşdırmalar zamanı bəzi “dondurulmuş” problemlər də yenidən diqqət dairəsinə düşüb. Məsələn məlum olub ki, Tovuz peşə liseyi ilə müəyyən hüquqi münasibətlərdə olmuş bir kredit təşkilatının mühasibatlıq sənədlərində olduqca ciddi kəm-kəsirlər var. Bu BOKT-nin lieyə aidiyyatı isə bir-biri ilə bağlı iki əsasda olub. Əvvəla dediyimiz kimi, iki müəssisə arasında hüquqi münasibətlər 2006-2007-ci illərdə kredit təşkilatının liseydən iki otaq kirayə götürməsi ilə yaranıb. İkinci bir tərəfdən isə, həmin dövrdə Tovuz peşə liseyində müəllimə işləyən Yeganə Əmrahova, həm də Almaniyanın müəyyən təşkilatları tərəfindən Tovuz rayonunda fəaliyyət göstərən kiçik biznes təmsilçilərinə güzəştli kreditlərin verilməsini nəzərdə tutan bu investisiya layihəsinin koordinatoru olub. Aydındır ki, bu məqsədlə təsis olunmuş kredit təşkilatının ehtiyacları üçün məhz liseyin binasından iki otağın kirayə alınması kimi absurd ideyanın müəllifi də Yeganə xanım olub. Təsəvvür edin ki, peşə təhsili üzrə fəaliyyət göstərən müəssisə birdən-birə maliyyə kreditinin verilməsi, nəğd pul vəsaitlərinin dövriyyəsi kimi əməliyyatlara cəlb olunur. Təbii ki, qısa bir zamanda liseydə formalaşan yeni mühit tədris proqramı ilə qətiyyən nəzərdə tutulmamışdı. Kredit təşkilatının fəaliyyət göstərdiyi bir il ərzində isə, liseydə onsuz da axsayan təlim-tədris prosesləri tamamilə bərbad hala gətirildi. Demək olar ki, liseyin bütün kollektivi həmin vaxt burada direktor olmuş Elcan Msuyevlə Yeganə Əmrahovanın əlbir həyata keçirdikləri maliyyə-kredit maxinasiyalarına bu və ya digər formada cəlb olundular. Xarici investorlar tərəfindən Tovuz rayonunun iqtisadiyyatına qoyulmalı olan vəsaitlərin Elcan Msuyev və Yeganə Əmrahova tərəfindən mənimsənilməsi halları əlbəttə ki, ayrıca araşdırmalar tələb edir. Lakin TN-nin liseydə aparılmış qeyri-qanuni ixtisarlarla bağlı apardığı təftişlər də maraqlı nəticələr verməlidir. Yuxarıda biz qeyd etdik ki, Yeganə Əmrahova artıq liseyin direktoru təyin olunandan sonra burada apardığı müəllim ixtisarlarını nazirliyə verdiyi hesabatda əsaslandıra bilməyib. İlk növbədə ona görə ki, direktor bu ixtisarlardan sonra yaranmış boş yerlərə dərhal yeni əməkdaşlar işə qəbul edib. Həm də bu əməkdaşlar Yeganə Əmrahovaya xüsusi yaxınlıqları səbəbilə seçiliblər. Digər tərəfdən də məhz bu müəllimlərə sonradan direktorun göstərişi ilə əvəzçilik əsasında əlavə dərs saatları yazılıb və əslində keçilməmiş bu saatların dövlət tərəfindən ödənilən əmək haqqlarını da Yeganə Əmrahova özü alıb. Göründüyü kimi, Tovuz peşə liseyində aparılan yoxlamalar, burada bir sıra islahatların tətbiqi üçün zəmin yarada bilər. O cümlədən, lisey direktorunun tutduğu vəzifədən alınması və hətta məsuliyyətə cəlb olunması belə, artıq kifayət qədər yüksək ehtimala malik variant kimi nəzərdə tutula bilər...









