Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Fahir İmanovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
"DİA-AZ" Pravda.az-a istinadla xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 100 manat məbləğində cərimə cəzasına məhkum edilib.
İttihama görə, hadisə bu il saat 21:30-da təqsirləndirilən şəxslə qardaşı, zərərçəkmiş Famil İmanovun (adı, soyadı şərtidir - red.) birlikdə yaşadıqları paytaxtın Nizami rayonu ərazisində yerləşən evdə baş verib.
Belə ki, həmin vaxt zərərçəkmiş şəxs sərxoş vəziyyətdə evə gəlib. Fahir qardaşının sərxoş vəziyyətdə evə gəlməsinə irad bildirib. Bundan sonra onların arasında mübahisə yaranıb. Famil təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən Fahir qisas almaq məqsədilə fiziki güc tətbiq edərək qardaşını yerə yıxıb. Ardınca onun baş və sifət nahiyələrinə əli ilə bir neçə dəfə zərbə vurub.
Məhkəmə-tibbi ekspertizasının nəticəsinə görə, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib.
Bu səbəbdən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilib.
Məhkəmə istintaqı zamanı ifadə verən Fahir İmanov ona elan edilmiş ittihamla razılaşmayaraq özünü təqsirli bilməyib. O deyib ki, qardaşına qarşı fiziki güc tətbiq etməsinin səbəbi özünü və anasını müdafiə etmək olub.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü Famil sərxoş vəziyyətdə evə gəlib. Bu səbəbdən anası ona irad bildirib. Anasının iradından əsəbiləşən zərərçəkmiş şəxs qadının üzərinə hücum çəkib. Familin anasına qarşı bu cür davranışı ilk dəfə olmayıb. Onun sözlərinə görə, əvvəllər də analoji hallar baş verib və bu səbəbdən anası hətta başqa ölkəyə getməyə məcbur olub.
Fahir qeyd edib ki, hadisə zamanı anasını müdafiə etmək üçün qardaşına əl ilə zərbə endirib, onu yerə yıxaraq sinəsinin üzərində oturub və bundan sonra polisə məlumat verilib.
Təqsirləndirilən baş verən hadisədən peşman olduğunu və belə bir vəziyyətin yenidən yaşanmasını istəmədiyini deyib. Fahir məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.






