Naxçıvan şəhərində marşrut avtobuslarının axşam saatlarında nizamsız işləməsi sakinlər üçün ciddi problem yaradır. Şikayətçilər bildirirlər ki, səhərlər işə avtobusla getsələr də, axşam evə taksi ilə qayıtmağa məcbur olurlar.
Problemdən ən çox növbəli iş rejimində çalışanlar əziyyət çəkirlər.
Şəhər sakini Gündüz Quliyev deyir ki, işə gedərkən də, evə qayıdarkən də taksidən istifadə etməsi ailə büdcəsinə əlavə yük yaradır:
“Naxçıvan tələbə və gənclər şəhəridir. Buna baxmayaraq, saat 19:00-dan sonra şəhərdə avtobus tapmaq olmur. Hamı taksidən istifadə edə bilmir: kiminin maddi imkanı çatmır, kiminə isə ailəsi icazə vermir. Qış-yay fərq etmir, bəzən 8-dən sonra avtobus gəlir. 5 və 6 nömrəli marşrutlar isə, demək olar ki, işləmir. Şəhər kiçik olsa da, 10 dəqiqəlik yol üçün 20–30 dəqiqə avtobus gözləyirik.
Xəstəxanalarda, eləcə də digər idarə və müəssisələrdə növbəli iş sistemi var. Mən 3-cü mikrorayonda yaşayıram.
İş yerim uzaqda olduğu üçün piyada gedə bilmirəm. Hər dəfə işə gedəndə və evə qayıdanda taksiyə 4–5 manat ödəməli oluram. Bu da ailə büdcəmə ciddi təsir edir”.
Digər şəhər sakini Ceyhun Məmmədov da ictimai nəqliyyatın axşam saatlarında normal işləmədiyindən şikayətlənib:
“Keçən həftə mikrorayondakı dayanacaqda təxminən 50 dəqiqə avtobus gözlədim, amma gəlmədi. Yay mövsümündə insanlar axşam saatlarında daha çox hərəkətdə olurlar. Buna görə avtobusların ən azı saat 21:30-a qədər işləməsi vacibdir.
Hazırda isə saat 19:00-dan sonra intervallar 40-50 dəqiqəyə qədər uzanır, bəzən avtobus ümumiyyətlə gəlmir. Planı dolduran bəzi sürücülər xətti tərk edirlər”.
Adının açıqlanmasını istəməyən sürücülərdən biri isə problemin gündəlik plan məbləğinin yüksək olması və axşam saatlarında sərnişinlərin azalması ilə bağlı olduğunu deyib:
“Plan çox yüksəkdir. Saat 18:00-dan sonra sərnişinlərin sayı azalır. Axşam əldə olunan gəlir yanacaq və digər xərcləri ödəmir. Buna görə sürücülər həmin saatlardan sonra xəttə çıxmaq istəmirlər”.
Şikayətçilər aidiyyəti qurumlardan avtobusların iş qrafikinə və marşrutların fəaliyyətinə yenidən baxılmasını, axşam saatlarında sakinlərin nəqliyyat ehtiyacının nəzərə alınmasını tələb edirlər.
















