"İndiki Bakının şəhər səhnəcikləri çox dəyişib, amma təxminən 20 il əvvəl Bakı kafelərində əyləşib içi boş söhbətlər apararaq Parisin XX əsr intellektual kafelərinin personajına bənzəmək istəyənlərin həvəsi hələ xatirimdədir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bu xatirəmi hazırda YAP-çı deputatlardan Ceyhun Məmmədov arada yerindən tərpədir: baxırsan ki, dedikləri başdan ayağa anlayış qüsuru ilə dolu söz yığınıdır, amma tərz məzmundan üstündür axı, ona görə bu deputat din xadimi pozasına durmaqla ağır çəkili siyasi söz sahibi kimi görünməyə çalışır. Eynən o kafedəki təqlidçilər kimi.
Təzə müsahibəsindəki anlayış qatma-qarışığına gəlin bir nəzər yetirək.
1. “Dinə meyli düzgün istəqamətləndirməliyik. Din xadimlərini bir yerə toplayaraq maarifləndirmə aparmaq yetərli deyil”.
İcazə verin din xadimləri əvəzinə mən ürəkdən gülüm. Min illərin, yüz illərin kitabları, ənənəsi, şifahi irsi bir yana qalacaqmış, din xadimi oturub Zəngilanın YAP deputatından nəsihət eşidəcəkmiş? Yaxşı görək. Adamın ictimai-siyasi anlayışlar haqqında təsəvvürü gör nə qədər çiydir.
2. “Dinlə bağlı düzgün maarifləndirmə aparılmadığına görə cəmiyyətdə ciddi proseslər getdiyinin şahidiyik”.
Vallahi gülüncdür. Dinlərin hamısı özünün həm daxili məntiqi, həm də duyğusal hissəsinə söykənərək düzgündür. Kənardan kimə və hansı düzgünlük öyrədəcəksiniz? Deputat burda da mənasını anlamadığı sözləri atıb-tutub oynadır. Və ya, təzə dil açan uşaq kimi böyüklərin səsini özünün yamsılamasına sevinir.
3. “Bu templə bir müddətdən sonra Azərbaycan cəmiyyətinin böyük bir hissəsi dindar olacaq.”
Guya deyil ki? Böyük əksəriyyət daim inanclı olub və hər gün bu və ya digər şəkildə dua edir. Lap da yaxşı. İnsanın vicdanlı həyat sürməsi üçün məncə bu vacibdir. İnsanın dua etməsi niyə bir yapçı deputatda “temp” narahatlığı yaratsın ki?
4. “Niyə insanlar din xadimlərinə daha çox inanırlar, onların arxasınca gedirlər? Çünki din xadimləri sosial mediada ziyalılarımızdan daha fəaldırlar. Yaxşı təbliğat işi qururlar və kütləni öz arxalarından apara bilirlər. Burada günahı əhalinin dindarlaşmasında axtarmaq lazım deyil”.
İnsanların din xadimlərinə inanmasında “günah” tapa biləcək qədər yol geriləyib e bu deputat. Günah, səbəb, məsuliyyət, təqsir və digər yaxın olan, amma fərqlənən anlayışlar arasındakı məsafədən adamın heç xəbəri yoxmuş. Elə bilir sözlərdir də, istəyirsən belə düz, istəyirsən başqa cür. Saxta intellektual kafedəkilər kimi, əsas görüntüdür.
5. “Çalışmalıyıq ki, dindarlarla qeyri-dindarlar arasında uçurum yaranmasın. Bu uçurumun baş verməsi gələcəkdə çox ciddi problemlər yarada bilər. Cəmiyyətin haçalanması, parçalanması, bölünməsi ciddi bir formada gedə bilər”.
Burda da deputat anlayışları tam qarışdırıb. İnanclar arasında uçurum onların lap təməlindədir, doktrinaldır. Dinlərin doktrinal əsaslarını dövlətmi birləşdirəsidir? Ay birləşdirdi ha! Əksinə, siyasi sistemimiz sağalsa, bu fərqlər qorxu mənbəyi olmaz, inkişaf mühərriklərindən birinə çevrilər.
Ümumiyyətlə, Azərbaycan dünyəvi Respublikadır və belə də qalmalıdır. Yəni, din və dövlət hərəsi öz işi ilə məşğul olsa yaxşıdır. Amma hazırda dövləti idarə edənlər deyirsə ki, yox e, biz insanların əxlaqını sınağa çəkən tərzdə seçki və məhkəmə keçirəcəyik, bax məhz onda dövlət din xadimlərindən çəkinməyə başlayır.
Bəli, seçkidə və məhkəmədə hakimiyyət daim dinin sahəsinə soxulur – komissiya üzvünü və ya hakimi haqsız qərar vermək üçün mənəvi seçim qarşısında qoymaqla. Bunu inkar edəndə isə, dövlət dinin ərazisinə təkrarən soxulur. Dinlərin üstünə məsuliyyət yıxmayın.
Ceyhun Məmmədov öz partiyasının komissiya üzvlərini və hakimləri alçaldıcı mənəvi seçim qarşısında qoyması haqda söz deyə bilmirsə, bu molla qiyafətini çıxarıb xalqa əxlaq öyrətməyi də buraxsın. Yüngül çəkili intellektuallarla efirlər onsuz da doludur..."


















