Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Vüqar Məmmədzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Kürdəmir Rayon Məhkəməsinin qərarı ləğv olunub. Təqsirləndirilən şəxsə 1 000 manat məbləğində cərimə cəzası təyin edilib, yəni 2 gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində 800 manat miqdarında cərimə cəzası saxlanılıb.
İttihama görə, Vüqar Məmmədzadə 2025-ci ilin iyul ayında Kürdəmir rayonunun Topalhəsənli kəndi ərazisində baş vermiş hadisə zamanı qərəzli xuliqanlıq hərəkətləri törədib.
İş materiallarına əsasən, hadisə günü saat 21 radələrində təqsirləndirilən şəxs kənd ərazisində hərəkətdə olan avtomobilin sürücüsü B.Dünyamalıyevin nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyini bəhanə edərək onu saxlamağı tələb edib. Daha sonra o, heç bir əsaslı səbəb olmadan avtomobilə yaxınlaşıb, arxa qapını açaraq maşında olan Topalhəsənli kənd sakini, 1995-ci il təvəllüdlü zərərçəkmiş D.D.-ni (adı, soyadı şərtidir) yumruq zərbəsi endirib.
Hadisə nəticəsində zərərçəkmiş şəxsin alt dodağının iç səthində sıyrıq, eləcə də üst çənədə iki ön kəsici dişin travmatik düşməsi ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər müəyyən edilib.
İttihamda göstərilib ki, Vüqar Məmmədzadənin hərəkətləri ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirməklə və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq əməli kimi qiymətləndirilib.
Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tam şəkildə ödəməsi nəzərə alınaraq, onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib.
Məhkəmə eyni zamanda Cinayət Məcəlləsinin 73.1-ci maddəsini tətbiq edərək Vüqar Məmmədzadəni cinayət məsuliyyətindən azad edib və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv olunmasını qərara alıb.
Lakin dövlət ittihamçısı həmin qərarla razılaşmayaraq apellyasiya protesti verib. Protestdə göstərilib ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalı və ona cinayət qanunvericiliyinin tələblərinə uyğun cəza təyin edilməlidir.








