Rusiyanın paytaxtı Moskvada 1995-ci ildən bəri ilk dəfə "qanuni oğru"ların toplantısı dayandırılıb. Toplantı onlardan birinin yubileyi münasibətilə təşkil edilib.
Lent.az xəbər verir ki, belə bir hal sonuncu dəfə 1995-ci ildə Ramaz Dzneladzenin yubileyi zamanı "Ukrayna" mehmanxanasında qeydə alınıb. Ondan əvvəl isə ən səs-küylü toplantı 1992-ci ildə "Rospis" ləqəbli kriminal avtoritetin də iştirak etdiyi, Şurik Zaxarın "Solneçnıy" motelində təşkil etdiyi yığıncaq olub.
Tarixdə üçüncü belə hadisə isə bir neçə gün əvvəl, 32 ildir Moskvada yaşayan Suren Tavadovun yubileyi zamanı baş verib.
Məlumata görə, kriminal aləmdə "Suren Andijanski" ləqəbi ilə tanınan nüfuzlu "qanuni oğru" Suren Tavadov 50 yaşını qeyd etmək üçün dostlarını və yaxın qohumlarını restorana dəvət edib. Yubiley şəhərdən kənarda yerləşən "Novorijskaya Zastava" restoranında, yalnız ən yaxın adamların iştirakı ilə sakit şəraitdə keçirilib.
Lakin bu tədbir kriminal aləmlə mübarizə aparan hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətindən yayınmayıb.
Suren Tavadov kriminal aləmdə tanınmış simalardan biri hesab olunur. O, vaxtilə “Ded Xasan”ın ən yaxın adamlarından biri olub. O, Lujniki stadionunda keçirilən böyük toplantıda, kriminal aləmdə parçalanma baş verməzdən əvvəl "qanuni oğru" adı alan son şəxslərdən biri kimi tanınır.
Məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin və Moskva vilayəti polisinin əməkdaşlarının tədbirə müdaxilə etməsinə səbəb qonaqlar arasında digər vətəndaşlarla yanaşı, həm də "Diplomat Vaqif" ləqəbli Vaqif Süleymanov və "Torçik" ləqəbli iki "qanuni oğru"nun olması olub.
Müasir dövrün reallığına uyğun olaraq, hüquq-mühafizə orqanlarının "Siz qanuni oğrusunuzmu?" sualına tədbirdə iştirak edən şəxslərdən heç biri müsbət cavab verməyib.
Yubiley sahibi Suren Tavadovun özü isə barəsində hər hansı ittiham irəli sürülmədiyi üçün tədbiri problemsiz başa vurub. Məlumatda qeyd olunur ki, o, 10 il əvvəl verdiyi müsahibələrdə göründüyündən daha sağlam və yaxşı vəziyyətdə təsir bağışlayıb.








