Xəbər verdiyimiz kimi, bu ilin ilk 3 ayında Dövlət Neft Fondunun qızıl şəklində saxlanılan aktivləri 21,9 ton azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Neft Fondu aprel ayında məlumat yayıb.
Məlumatda bildirilir ki, bu ilin əvvəlində Neft Fondunun 200 ton qızılı olduğu halda, aprel ayının əvvəlində bu göstərici 178,1 tona düşüb.
Qeyd edək ki, aprel ayında Fond qızıl ehtiyatlarının azalması ilə bağlı açıqlama da yayıb. Açıqlamada bildirilib ki, 2026-cı ilin I rübü ərzində qızılın qiymətində müşahidə olunan artım nəticəsində qızıl altportfelinin çəkisi Fondun İnvestisiya Siyasətində müəyyən edilmiş hədəf səviyyəni (icazə verilən kənarlaşma intervalı nəzərə alınmaqla) üstələyib. Bu səbəbdən, bazar şəraiti də nəzərə alınaraq, portfelin tarazlaşdırılması məqsədilə qızılın payının tədricən hədəf səviyyəyə qaytarılması istiqamətində müvafiq əməliyyatlar həyata keçirilib.
Lakin, bu ilin I rübü ərzində Azərbaycandan xarici ölkələrə qızıl satışı qeydə alınmayıb.
Neft Fondundan fərqli olaraq Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda 21,9 ton miqdarında qızılın aprel ayında xaricə ixrac olunduğu qeyd olunub.
Açıqlanan məlumatda göstərilir ki, bu ilin aprel ayında Azərbaycandan Böyük Britaniyaya 21 min 901,97 kiloqram qızıl ixrac olunub və ixrac olunan qızılın 1 qramının orta gömrük dəyəri 158,4 dollar (269,2 manat) olub.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycan 23 ölkədən 6,3 milyard dollar dəyərində 57 min 474,97 kiloqram qızıl alıb. 2025-ci ildə ölkəyə idxal olunan qızılın 1 qramının orta gömrük dəyəri 109 dollar (185 manat) olub. Ötən il Böyük Britaniyadan alınan qızılın 1 qramının orta gömrük dəyəri isə 99 dollar (168 manat) təşkil edib.








