Ural regionunda Azərbaycan diasporunun keçmiş rəhbəri Vidadi Mustafayevə qarşı açılmış cinayət işi Yekaterinburqun Leninski Rayon Məhkəməsinə daxil olub.
Musavat.com xəbər verir ki, V.Mustafayevə qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 3-cü və 4-cü hissələri (külli miqdarda dələduzluq) üzrə üç epizod üzrə ittiham irəli sürülüb.
“Kommersant-Ural” nəşrinin yazdığına görə, ittihamlardan biri “Porsche” markalı avtomobilin alınması ilə bağlı ola bilər. İddialara əsasən, Vidadi Mustafayev tanışı, Azərbaycan vətəndaşı Novruz Sadatovdan aldığı avtomobilin pulunu ödəməyib. Başqa bir versiyaya görə, Mustafayev diaspor rəhbərinin müavini vəzifəsinin verilməsi vədi müqabilində Sadatovdan həmin avtomobili və 1 milyon rubl alıb. Lakin sonradan verdiyi vədi yerinə yetirməyib. Avtomobil və pulun geri qaytarılmasından imtina edildikdən sonra Novruz Sadatov hüquq-mühafizə orqanlarına müraciət edib.
Vidadi Mustafayev barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında bildirilib ki, sözügedən “Porsche” artıq müsadirə olunub. O, həbs edilərkən özünü təqsirli bilmədiyini açıqlayıb və ona qarşı irəli sürülən ittihamların böhtan olduğunu iddia edib.
“Mənim fəaliyyətim cinayətkarlıqla bağlı deyil, mən bandit deyiləm”, – deyə Mustafayev məhkəmədə bildirib.
Qeyd edək ki, Vidadi Mustafayev ötən ilin avqust ayında Azərbaycan diasporunun rəhbəri vəzifəsinə seçilib. O, bu postda əvvəlki rəhbər Şahin Şıxlinskini əvəz edib. Şıxlinski daha əvvəl məhkəmənin hökmü ilə 24 il müddətinə azadlıqdan məhrum edilib.








