Bəlkə də, Azərbaycan ədəbiyyatına, yazıçı-şair obrazına filmlərimiz qədər zərbə vuran ikinci bir şey yoxdur.
Məsələn, Valeh Kərimovun Azərbaycan şairinə vurduğu zərbənin təsirindən necə çıxmaq olar?
Onu necə bağışlamaq olar?
Söz yox, əsas günah Vaqif Səmədoğlunundur. Ancaq Azərbaycan filmində “Moşu” obrazı qədər mənasız, lazımsız bir obraz varmı?
Deyərdim ki, bu obraz uğursuzluğu ilə uğur qazanmış obrazdır. Heç kim düşünməsin ki, Valeh Kərimov bu rolu möhtəşəm oynadığına görə sevilib. Əksinə, məhz uğursuz olduğu üçün sevilir. İndi bilmirəm Vaqif Səmədoğlu bu obrazda atasını görürdü, yoxsa yox. Ancaq hər halda lazımsız bir iş idi. Ümumiyyətlə, filmin özünü başdan-ayağa ziyandır, uğursuz və ləkəli obrazlarla doludur.
“Moşu”nun unudulmamağının ən əsas səbəbi budur ki, estetik deyil, sosial refleks üzərində qurulub. Tamaşaçı bu obrazda sənət axtarmır, öz gündəlik məişət ironiyasını görür və ona yapışır. Çünki heç sənət də yoxdur. Bu da artıq aktyorun yox, tamaşaçı zövqünün göstəricisidir.
Bəli, bu cür biabırçı bir rolun sevilməyi, yaddaşlarda qalmağı həm də Azərbaycan xalqının mədəniyyətə necə yanaşmağını, daha dəqiq, yanaşa bilməməyini göstərir.
Çünki bu xalqa şairi də, yazıçını da sistem zorla, məcbur sevdirib. O səbəbdir ki, bu gün Sovet sisteminin yaltaqları, satqınları dəyər görür, sevilir, ziyalı hesab edilir.
Məddahların, məddah sənətçilərin sevildiyi ölkədə sənətdən danışmağın özü də kədərlidir.
Odur ki, elə Vaqif Səmədoğlu atasından fərqli olaraq nə qədər böyük ədib, şəxsiyyət olsa da, bu işinin yaxşı və ya pis olmağından asılı olmayaraq, Azərbaycan şairi obrazına ləkə, təhqirdir.
Görünür, “Xoşbaxtlığ”a qafiyə tapa bilməyən Valeh Kərimov elə bundan sonra özünə sənətdə yer də tapmayıb. Bu uğursuz obrazın içində, mövcud şərtlər altında özünə uğur karyerası cızıb və elə heç vaxt da obrazından çıxa bilməyib.
Bu səbəbdir ki, Valeh Kərimovun bu obrazdan başqa yadda qalan, sevilən başqa bir obrazı yoxdur.
Varmı? Valeh Kərimov deyəndə adamın ağlına uğursuz “Moşu”-dan başqa nə gəlir? Kim nə ilə xatırlayır onu? Gücü elə bir uğursuz, mənasız rola qədər imiş? Hanı digər filmlərdə, tamaşalarda olan rolları? Niyə xatırlanmır, haqqında danışılmır?
Ola bilər ki, “Eqalogiya budur”, ancaq sənət bu deyil, Valeh Kərimov.
Valeh Kərimovun Azərbaycan incəsənətində ən yaxşə yeri Loğman Kərimovun qardaşı olmağıdır.
Nisbət etibarı ilə yenə Loğman Kərimov “Qəzəlxan” filmindəki obrazı ilə damğa vura bilmişdi.
Bəs Valeh Kərimov?
O damğa yox, Azərbaycan ədəbiyyatına ləkə atıb.
Valeh Kərimovun ümumi sənət obrazına baxanda aydın görünür ki, aktyor kimi rolunu xilas edə bilmir, amma o rolu aktyoru “yeyir” və onun yerinə yaşamağa başlayır.
Rol uğursuz olsa da, əslində, Valeh Kərimov kimi aktyorların problemi ondadır ki, onlar böyük uğursuzluq etmir, əksinə, çox “asan uğur” əldə edirlər.
Valeh Kərimov da əldə etdiyi asan uğuru, tanındığı bu ucuz nöqtəni daim qorumağa çalışıb.
Çünki qorumasa, “Moşu”olmasa, “Xoşbaxtlığ”a qafiyə tapsa, Valeh Kərimov adı yerli-dibli silinib gedərdi.
Xatırlayıram ki, Valeh Kərimovu yaşına görə işdən çıxartmışdılar, sonradan yenə bərpa oldu.
Düzü, sevinmişdim. Məmur deyilsə, işləyib beş-üç manat pul qazanmaq istəyirsə, fiziki göstəriciləri buna imkan verirsə, niyə də yox?
Ancaq sevincim social vəziyyətə görə idi, Valeh Kərimovun yenidən Azərbaycan səhnəsinə qayıtmağına yox.
Həm də ən azı mənim üçün Azərbaycan səhnəsində Valeh Kərimov adı hiss olunmayıb.
Orxan Saffari











