
DİAAZ: - Haqqı tapdanmış Masallı rayon sakini, sahibkar Məmmədov Məhbub DİA.AZ-a şikayət çəktubu ilə müraciət edib. Həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik:
“Mən 1997-ci ildə fərdi sahibkar kimi fəaliyyət göstərərək gəlir əldə etmək üçün Masallı rayonu Digah qəsəbəsi ərazisində yanacaqdoldurma məntəqəsi açdım və bir müddət - 2008-ci ilə qədər normal fəaliyyət göstərdim. 2008-ci ildə lisenziyanın müddəti bitdiyi üçün fəaliyyətimə fasilə verməli oldum və Bakıya köçdüm. 2010-cu ilin avqust ayına qədər həmin yanacaqdoldurma məntəqəsi bütün avadanlıqları ilə öz yerində salamat vəziyyətdə dayanmışdı.
2010-cu ilin avqust ayında Masallı rayonuna gedəndə gördüm ki, “lələ köçüb, yurdu qalıb”.Yəni yanacaqdoldurma məntəqəsinin bütün stasionar yanacaqdoldurma aparatları, yanacaq çənləri yoxa çıxıblar, talvar yerində yoxdur və s. Ay haray, nə baş verib? Ətrafda olanlar bildirdilər ki, Masallı Bələdiyyəsinin və Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsinin əməkdaşları yanacaqdoldurma məntəqəsini iki ədəd buldozerlə dağıtdılar. Odur ki, dağıdılmış əmlakımın pulunun mənə ödənilməsi üçün üz tutdum ədalətin “məkanı” olan Şirvan İnzibati İqtisadi Məhkəməsinə. Ərizəmə baxılanda Masallı Bələdiyyəsinin sədri Azər Baxşıyev, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə həmin dövrdəki münayəndəsi Laçın Sadıqzadə, Masallı Bələdiyyəsinin işçiləri bir ağızdan bildirdilər ki, onlar Prezidentimizin Masallıya gəlişi ilə bağlı apardıqları abadlaşdırma zamanı mənim yanacaqdoldurma məntəqəmi “yığışdırıb zibil kimi atıblar”.
Prezidentimizin Masallı rayonuna səfəri 2010-cu ilin iyun ayında getdiyi halda onun gəlişi ilə bağlı Masallı Bələdiyyəsinin sədri Azər Baxşıyevin və Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə həmin dövrdəki münayəndəsi Laçın Sadıqovun niyə 2010-cu ilin avqust ayında rayonda yır-yığış eləməyini heç başa düşə bilmirəm. Bir onu bilirəm ki, Masallı Bələdiyyəsinin sədri Azər Baxşıyev də, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə həmin dövrdəki münayəndəsi Laçın Sadıqov da hörmətli Prezidentimizin adından istifadə edirlər. Məgər onlara Prezidentimiz deyir ki, sahibkarın əmlakını dağıt?
Əksinə 2013-cü ilin fevral ayında keçirilmiş müşavirəsində də, ondan əvvəl də Prezidentimiz bəzi üzdən iraq məmurları sahibkarlara qarşı diqqətli və vicdanlı olmağa çağırmışdı.Mənim məhkəmə işimin axırı elə oldu ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi Fikrət Mehtiyev hesab etdi ki, Masallı Bələdiyyəsinin sədri Azər Baxşıyev də, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə həmin dövrdəki münayəndəsi Laçın Sadıqov düz eləyiblər ki, yanacaqdoldurma məntəqəsini zibil kimi yığışdırıb atıblar.Şirvan Apellyasiya Məhkəməsi də bunu təsdiq etdi.Ədalətə ümidimi itirdiyim anda başa düşdüm ki, Azərbaycan məhkəmələrində ədalət var imiş.
Ali Məhkəmə Şirvan məhkəmələrinin qərarlarını ləğv etdi və birbaşa göstəriş verdi ki, Masallı Bələdiyyəsinin sədri Azər Baxşıyevin, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə həmin dövrdəki münayəndəsi Laçın Sadıqovun hərəkətləri qanunsuz olduğundan mənə kompensasiya ödənilməlidir.Lakin sən saydığını say, gör fələk nə sayır.İş yenidən Şirvan İnzibati İqtisadi Məhkəməsinə qayıtdıqdan sonra qəbul edilmiş qərarı oxuyanda mənə elə gəldi ki, bütün bunları mən yuxuda görmüşəm. Yəni nə Masallı Bələdiyyəsinin sədri Azər Baxşıyev, nə Masallı Bələdiyyəsinin əməkdaşları Zöhrab Hüseynov və Musa Abdullayev, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə həmin dövrdəki münayəndəliyinin nümayəndəsi Məmmədhüseyn Hüseynov əvvəlki məhkəmə iclaslarında mənə məxsus torpaq sahəsində “təmizlik işləri” apararaq 100000-lərlə manat dəyəri olan əmlakımı zibil kimi yanacaqdoldurma məntəqəsinin arxa tərəfinə yığmaqlarını bildirmişlər, nə də Ali Məhkəmənin qərarı olub. Ancaq bir az fikirləşəndən sonra başa düşdüm ki, yuxu görməmişəm. Bütün deyilənlər məhkəmə işinin materiallarında vardır və əgər Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi özünü görməməzliyə vurmuşdusa, Ali Məhkəmənin göstərişlərinə məhəl qoymayıbsa o zaman şir ürəyi yemişdir.O ki, qaldı hansı şirin, milli və ya yaşıl şirin ürəyini yeməyini, onu mən deyə bilmərəm.
Amma ümid edirəm ki, dəvədən böyük fil var.Hazırda üz tutmuşam Şirvan Apellyasiya Məhkəməsinə. Bəlkə Ali Məhkəmənin Şirvan Apellyasiya Məhkəməsi yanında hörməəti vardır və onun qərarında göstərilənlər nəzərə alınacaqdır.Yoxsa Masallı Bələdiyyəsinin sədri Azər Baxışovun “təmizkarlığı” dünya mətbuatında işıqlandırılacaqdır və Avropa Məhkəməsi belə biabırçılıq işə baxacaqdır”.









