
DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, özünün açıqladığı rəqmlərlə özünü dolaşığa salan Dövlət Gömrük Komitəsi əslində dolayı yollarla bir müddət əvvəl səsləndirdiyimiz ittihamları etiraf ediblər. Söhbət büdcə ödəmələrində dövlətdən gizlədilən milyonlardan gedir.
Xatırladaq ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2013-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 179,583 mln. manat ödənilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 15,1% artıqdır. Qedy edək ki, bütün bunlar rəsmi məlumatdır.
Və bildirilir ki, DGK-dən verilən məlumata görə, ilk iki ayda büdcə ödəmələrinin 35,542 mln. manatı gömrük rüsumları, 135,870 mln. manatı ƏDV, 5,711 mln. manatı aksizlər, 2,460 mln. manatı yol vergisinin payına düşüb.
Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə gömrük rüsumları üzrə yığımlar 35,5%, aksizlər üzrə yığımlar 34,3% azalıb, ƏDV üzrə yığımlar 49,3%, yol vergisi üzrə yığımlar isə 19,5% artıb.
DİA.AZ bildirir ki, hər halda, az-çox iqtisadi anlayışı olanlar da yaxşı bilir ki, bir illik müddət ərzində 15,1 faizlik artım astronomik nailiyyət hesab olunur. Yəni normalda. Amma bunu Azərbaycan gömrükçülərinin hesabatına da şamil etmək doğru deyil.
Xatırladaq ki, zaman-zaman Dövlət Gömrük Komitəsinin büdcədən külli miqdarda pul gizlətməsilə bağlı məlumatları diqqətinizə təqdim etmişdik və açıqladığımız rəqəmlər də sətdiqləyirdi ki, büdcə ödəmələrində ciddi korrupsiypa var. Söhbət təxminən hər ay 60 milyon manatlıq vəsaitin oğurlanmasından gedir.
İndi isə aydın olur ki, Dövlət Gömrük Komitəsi köhnə günahlarını В«düzəltməkВ» fikrinə düşüb və bu zaman da əslində səsləndirdiyimiz ittihamları dolayı yolla etiraf etmiş olub. Çünki birdən-birə 15,1 faizlik fərqi ortaya çıxarmaq o deməkdir ki, gömrükçülərimiz məhz həmin həddə olan yeyintidən imtina ediblər. Və gözləniləndir ki, tədrici olaraq bu artım tempi daha da yüksəlsin.
Onu da xatırladaq ki, dünən bütün bunları diqqətinizə təqdim etmişdik və bu gün açıqladığı rəqəmlərlə DGK yenidən özünü “yandırıb” və ortada böyük bir ziddiyyət yaradıb. Belə ki, yeni açıqlanan rəqəmlərə görə, son bir ildə ərzaq idxalı 20 faiz azalıb. Bu isə əvvəlki “artım müjdəsi” ilə başdan-başa ziddiyyətdir. Əgər idxal biznesinin əsas hissəsini təşkil edən ərzaq idxalında geriləmə varsa, rüsum ödəmələrində necə artım ola bilər?
İndi isə DGK-nın ərzaq idxalının azalması ilə bağlı məlumatı diqqətinizə təqdim edirik: “2013-cü ilin iki ayında Azərbaycanın idxal strukturunda ərzaq məhsullarının xüsusi çəkisi 2012-ci ilin həmin dövrü üçün 3,2%-lik bənd azalaraq 9,6% təşkil edib. Ərzaq idxalının həcmi $138,4 mln. təşkil edib ki, bu da 2010-cu ilin analoji dövrü üçün göstəriciyə bərabərdir ($135,8 mln.).
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ilin analoji dövrü ilə müqayisədə ölkəyə ərzaq idxalı 20% azalıb. Bu ilin ilk iki ayında ölkəyə ət və ət məhsullarının ($3,2 mln. və ya 2012-ci ilin dövründən 3% az), kərə yağı ($2,3 mln., -61%) bitki yağı ($9,1 mln., -66,5%), qənd və şəkər tozu ($10,5 mln, -47,8%) idxalı azalıb.
Buğda idxalının həcmi $51,1 mln. təşkil edib ki, bu da 2012-ci ilin yanvar-fevral aylarına olan göstəricidən 2,7% çoxdur. Buğda ununun idxalı 25 dəfə ($7,9 mln.) artıb ki, bu da buğda və un idxalına ƏDV-nin olmaması ilə əlaqədardır.
Həmçinin dəyər ifadəsində tütün və tütün məmulatlarının idxalı artıb. Sözügedən dövrdə ümumi dəyəri $41,8 mln. həcmində tütün və tütün məmulatı idxal olunub ki, bu da 2012-ci ildə olduğundan 23,5% çoxdur.
İdxal strukturunda sementin payı ($15,5 mln. +4,8%) 1%, dərman preparatları (34,3 mln. +33,7%) – 2,2%, meşə ($45,5 mln. +13,2%) təşkil edib.
İdxal strukturunda birinci yeri 30,5% ilə investisiya təyinatlı mallar – maşın və avadanlıqlar, elektrik cihazları tutur. İlin əvvəlindən ümumi məbləği $714 mln. (+4,4%) həcmində sözügedən avadanlıq idxal edilib. Həmçinin $204,6 mln. (+6,7%) məbləğində qara metal və qara metal məmulatı idxal edilib”.
Hər halda, DGK-nın açıqladığı bu dolaşıq rəqəmlər də təsdiqləyir ki, gömrük işçilərinin yerli ərzaq istehsalını ümumi hakimiyyətin kursuna uyğunlaşdırma cəhdləri, yəni ərzaq idxalını azaltması təşəbbüsləri, nəticədə digər istiqamətdə süni artımları, rəqəmlərin şişirdilməsini zəruri edib. Yəni belə çıxır ki, artıq ərzaq idxalının azalması səbəbindən Azərbaycan əhalisi daha çox siqaret çəkməyə başlayıb. Və eləcə də digər sahələrdəki süni şişirtmələrlə yuxarıda qeyd etdiyimiz 60 milyonluq kəsirlərin ört-basdır edilməsi marağı güdülüb.
Onu da bildirək ki, burada Aydın Əliyevin idarəsini anlamaq da olar. Yəni təkcə iş hər ay büdcədən oğurlanan 60 milyon manatlıq vəsaitin rəsmiləşdirilməsi problemilə bağlı deyil. Burada həm də Nazirlər Kabinetinin, digər dövlət qurumlarının, bir sözlə hakimiyyətin açıqladığı rəqəmlərə ayaq uydurulması problemi də var. Yəni əgər hakimiyyət deyirsə ki, В«artıq biz buğda almırıq və öz buğdamız varВ», deməli, buğda idxalı rəqəmlərdə azaldılmalıdır və əvəzində başqa idxal sahələrinin rəqəmləri şişirdilir. Halbuki reallıqda gömrükçülər üçün əlavə fürsət qazanır. Rəqəm üzərində idxal azaldılsa da, realda azalmayan idxal nəticəsində əldə olunan gəlirin tamamını mənimsəyirlər.
Bir sözlə, bu gün ən çətin durumda olan, rəqəmlər içində itib-batan Aydın Əliyevə ürəklər ağrımaya bilmir…








