Müsavat Partiyasının keçmiş üzvü Yadigar Sadıqlı növbəti dəfə partiyaya qarşı müxtəlif ittihamlar səsləndirib.
O, özünün feysbuk səhifəsində “Müsavat” başqanı İsa Qəmbəri demokratik dəyərləri pozmaqda günahlandırıb.
“İki il əvvəl, 2024-cü il mayın 4-də İsa Qəmbər 10 illik fasilədən sonra “Müsavat” başqanı postuna qayıtdı. Bu iki il ərzində bir topa güllə qoymadığı barədə söz deməyəcəyəm, hamının bildiyi şeydir. Əsas məsələ başqadır.
Hakimiyyət seçki, parlamentarizm kimi dəyərləri gözdən saldığı kimi, İsa Qəmbər də “Müsavat” başqanı postuna qayıtmaqla "müddət məhdudiyyəti" prinsipini gözdən saldı”.
Müsavat Partiyası Divanın üzvü, başqa müavini Razim Əmiraslanlı Bakupost.az-a bildirib ki, Yadigar Sadıqlı qərəzli mövqe sərgiləyir:
“Mən təəccüblənmədim. Yadigar Sadıqlı uzun müddətdir Müsavat Partiyasına qarşı qərəzli mövqe tutur və guya gözdən salma xətti götürüb.
Müsavat Partiyası nizamnamənin və kollegial idarəetmənin hökm sürdüyü siyasi təşkilatdır. Burada qərarlar bir nəfərin iradəsi ilə deyil, Qurultayın, Məclisin, Divanın iradəsilə qəbul olunur”.
Onun sözlərinə görə, İsa Qəmbərin başqanlığa qayıdışı da məhz bu mexanizmlər çərçivəsində baş verib:
“O, nizamnaməyə uyğun şəkildə namizədliyini irəli sürüb və müsavatçıların iradəsi ilə seçilib. Partiya üzvləri müəyyən bir mərhələdə təcrübəyə, siyasi çəkisi olan liderə ehtiyac duyursa və bunu səsvermə ilə təsdiqləyirsə, bu artıq demokratik iradənin ifadəsidir”.
“Müsavat” funksioneri qeyd edir ki, Sadıqlı qərəzindən əl çəkmir:
“Yadigar Sadıqlının öz siyasi keçmişini də unutmaq olmaz. 2019-cu ildə başqanlığa namizəd olub və cəmi 20-yə yaxın səs toplayıb. Bu, onun partiya daxilində real dəstək səviyyəsini açıq göstərib. Bundan sonra davamlı şəkildə partiyanı hədəf alması isə daha çox şəxsi qərəzdən irəli gəlir”.









